Daxili orqanları əhatə edən və bütün orqanizmə mənfi təsir göstərən viseral piylənmə sağlamlıq üçün ən ciddi təhdidlərdən biridir. Rusiyalı endokrinoloq İrina Lenkova artıq çəkidən vaxtında qurtulmağın vacibliyi barədə danışıb.
Lent.az məlumat verir ki, bu mövzu ilə bağlı "aif.ru" məlumat yayıb.
"Viseral yağlar maddələr mübadiləsi prosesində aktiv iştirak edərək orqanizmdə iltihab yaradan və müxtəlif xəstəliklərin ehtimalını yüksəldən çoxlu sayda maddələr ifraz edir" ,-deyə mütəxəssis qeyd edib.
Bu xəstəliklər sırasına insult, infarkt, yüksək xolesterin, ateroskleroz, şəkərli diabet, insulin dirənci və reproduktiv problemlər aiddir. Həkimin sözlərinə görə, cüzi çəki atmaq belə insanın ümumi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Burada ən vacib nüans sərt pəhrizlərdən uzaq durmaq və arıqlama prosesini tədricən həyata keçirməkdir.
Endokrinoloq əlavə edib ki, daxili piylənməyə qarşı ən effektiv vasitə fiziki aktivlik və düzgün qidalanmadır. Balanslaşdırılmış və müntəzəm qida qəbulu, kiçik kalori defisiti yaratmaqla yanaşı, idmanla məşğul olmaq mütləqdir. Həftəlik olaraq ən azı 150 dəqiqəlik aerobika və 2-3 dəfə güc məşqlərinin edilməsi tövsiyə olunur.
diabet infarkt