Bu gün Türkiyənin paytaxtı Ankarada "Milli kimlik və soydaş irsi" mövzusunda beynəlxalq konfrans keçirilib.
"Report" un Türkiyə bürosunun məlumatına görə, Qazi Universitetinin rektorluğunda keçirilən tədbir Kərkük Mədəniyyət Assosiasiyası tərəfindən Azərbaycan Diasporuna Dəstək Fondu və universitetin rektorluğunun dəstəyi ilə təşkil olunub.
Diplomatlar, alimlər, ictimaiyyət nümayəndələri, universitetin müəllim və tələbələrinin iştirak etdiyi konfransı Kərkük Mədəniyyət Assosiasiyasının rəhbəri, tədqiqatçı jurnalist və yazıçı Şəmsəddin Kuzeçi açıb. O, rəhbərlik etdiyi təşkilatın əsas məqsədlərindən birinin türk xalqlarının mədəni irsini və tarixini öyrənmək olduğunu deyib.
"Tarixən İraqda yaşamış türkmənlər arasında mədəni əlaqələri genişləndirməyə və ortaq tarixi ənənələrin, etnik mədəni və mənəvi dəyərlərin qarşılıqlı öyrənilməsinə və təbliğinə töhfə verməyə çalışırıq", - deyən Kuzeçi türkmənlərlə digər türk xalqları, xüsusilə azərbaycanlılar arasında mədəni və tarixi yaxınlığa diqqət çəkib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov qeyd edib ki, Azərbaycan türk dünyasının mərkəzində yerləşən bir ölkə olaraq qohum xalqlarla əlaqələri daim inkişaf etdirməyə çalışıb. O vurğulayıb ki, Dövlət Komitəsinin fəaliyyət sahələrindən biri də dost xalqların diaspor təşkilatları ilə əlaqələri gücləndirməkdir.
Konfrans müxtəlif ölkələri təmsil edən alimlərin, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndəsinin iştirakı ilə panel müzakirələrlə işini davam etdirib.

