IMG-LOGO

Zelenski: Ukrayna və Rusiya "193-ün 193-ə" formulu üzrə yeni əsir mübadiləsi həyata keçirib

24 Apr 2026 17:22 3 baxış
IMG

Ukrayna və Rusiya "193-ün 193-ə" formulu üzrə yeni əsir mübadiləsi həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, azad edilmiş 193 ukraynalı hərbi qulluqçu arasında Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Sərhəd Xidmətinin, Milli Polisin və Dövlət Xüsusi Nəqliyyat Xidmətinin nümayəndələri var.

Zelenski qeyd edib ki, qaytarılanlar arasında yaralılar, həmçinin Rusiyada barələrində cinayət işi açılmış hərbi qulluqçular da var.

Prezident əsir mübadilələrinin davam etdirilməsinin vacibliyini vurğulayıb və bu prosesdə iştirak edən hər kəsə, o cümlədən ukraynalı hərbçilərə və beynəlxalq tərəfdaşlara təşəkkürünü bildirib.

"Biz hər kəsi xatırlayırıq və insanlarımızı Rusiya əsirliyindən evə qaytarmaq üçün hər gün işləməyə davam edirik", - o deyib.

Xatırladaq ki, bundan əvvəl əsir mübadiləsi Pasxa bayramı ərəfəsində, aprelin 11-də baş tutmuşdu və bu, sayca 72-ci mübadilə idi. O zaman 175 hərbi qulluqçu və 7 mülki ukraynalı evə qaytarılmışdı.

Xəbər lenti