Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qazaxıstanın milli şirkəti "KazMunayQaz" (KMQ) ilə dekarbonizasiya sahəsində birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
"Report" KMQ-yə istinadən xəbər verir ki, görüş Astanada regional ekoloji sammit (RES 2026) çərçivəsində baş tutub.
"SOCAR nümayəndələri ilə görüş zamanı tərəflər istixana qazı tullantılarının azaldılması sahəsində təcrübə mübadiləsi planlarını, eləcə də dekarbonizasiya sahəsində birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər". - məlumatda bildirilib.
KMQ, SOCAR və "Özbəkneftqaz"ı birləşdirən, təcrübə mübadiləsinə və "yaşıl" layihələrə investisiyaların cəlb edilməsinə yönəlmiş Metan Tullantılarının Azaldılması üzrə Xəzər Akseleratorunun əhəmiyyəti xüsusi qeyd olunub.
KMQ-də vurğulayıblar ki, şirkət tullantıların davamlı şəkildə azaldılması və ekoloji təmiz enerjinin inkişafı üçün innovativ həllərin tətbiqini, infrastrukturun modernləşdirilməsini və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini davam etdirmək niyyətindədir.
Şirkətdən həmçinin bildirilib ki, KMQ "Oil and Gas Methane Partnership" (OGMP 2.0) təşəbbüsü çərçivəsində üçüncü ildir ki, metan tullantıları üzrə monitorinq və hesabatlılığın beynəlxalq standartlarını tətbiq edir.
Şirkət həmçinin 2025-ci ilin yekunlarına görə qazın məşəldə yandırılması həcmini 39 milyon kubmetrə qədər və ya 300 milyon kubmetrdən çox olan 2017-ci ilin göstəricisindən 86% azaldıb.
Bundan əlavə, aviasiya monitorinqi daxil olmaqla, ölçmə kampaniyaları həyata keçirilib ki, bunun nəticəsində KMQ-nin bir sıra aktivləri OGMP 2.0 standartı üzrə ən yüksək hesabatlılıq səviyyələrinə (4 və 5) çatıb.