Gürcüstanın Kulevi terminalında hər birinin tutumu 20 000 kubmetr olan 4 yeni rezervuarın tikintisi 1,5 ildən sonra başa çatacaq.
"Report" xəbər verir ki, bunu "Black Sea Terminal"ın (SOCAR-ın Gürcüstandakı neft terminalı) baş direktoru İsmayıl Kərimov Bakıda keçirilən "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistika Forumu"nda bildirib.
O xatırladıb ki, terminalın mövcud saxlama gücü 407 000 kubmetr təşkil edir: "Bu, terminal ərazisindəki müxtəlif tipli rezervuarların ümumi tutumudur. Bizdə üç dəniz infrastruktur obyekti (körpü) var: onlardan ikisi tam fəaliyyət göstərir, üçüncü obyektdə isə təmir-tikinti işlərini ilin sonunadək başa çatdırmağı planlaşdırırıq".
Onun sözlərinə görə, şirkətin mövcud körpülərin gücünün və rezervuar parkının genişləndirilməsi ilə bağlı planları da var: "Dibdərinləşdirmə işləri və limanın akvatoriyasındakı dəyişikliklər sayəsində biz indi müxtəlif tipli gəmiləri, o cümlədən "Aframax" və "Suezmax", həmçinin dedveytı 150 000 tona qədər və daha çox olan istənilən gəmiləri qəbul edə bilirik. Bununla yanaşı, eyni vaxtda iki müxtəlif tipli gəmi lövbər sala bilər. Məsələn, bu yaxınlarda biz uğurlu sınaq keçirdik: birinci körpüdə dedveyti 70 000 ton, ikincidə isə 40 000 olan gəmi saxlanılmışdı. Buna liman administrasiyası və dəniz agentliyi ilə birgə nail olunub".
Baş direktor gələcək planlar arasında irimiqyaslı layihəni - hər birinin tutumu 20 000 kubmetr olan dörd yeni rezervuarın (cəmi 80 000 kubmetr) tikintisini qeyd edib: "İnvestisiya qoyuluşu təxminən 25 milyon ABŞ dolları təşkil edib və bu, kənar investorlar cəlb edilmədən tamamilə "SOCAR Kulevi Terminal"ın öz vəsaitləridir. İşlərə artıq start verilib, icra müddəti təxminən 14 aydır. Beləliklə, 1,5 ildən sonra əlavə 80 000 kubmetr tutuma malik olacağıq".