Azərbaycanda ədəbiyyat, mədəniyyət və mətbuat sahələrində bəzi hallarda süni intellektdən yanlış istiqamətdə istifadə olunur.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Bakıda "Beynəlxalq Əqli Mülkiyyət Günü" münasibətilə "İnnovativ Potensial: Əqli Mülkiyyət + Süni İntellekt" mövzusunda keçirilən dəyirmi masadakı çıxışında deyib.
Onun sözlərinə görə, bu gün süni intellekt dünyada və Azərbaycanda geniş tətbiq edilir:
"Süni intellektin yaxşı tərəfləri olsa da, gətirdiyi pis vərdişlərin qarşısını almaq lazımdır. Bu gün süni intellekt Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, mətbuatına təsir edir. Görürük ki, bəzi hallarda süni intellekt yanlış istiqamətdə istifadə edilir. Bu da müəlliflik hüququna təsir göstərir. Ona görə də bununla bağlı tədbirlər görülməlidir".
Deputat süni intellektlə əlaqədar qanunvericiliyə müvafiq dəyişikliklər edilməsinin, ondan yalnız iş şəraitinin, insanların inkişafı üçün istifadə olunmasının zəruriliyini vurğulayıb.