IMG-LOGO

Starmer Britaniyada proksi hücumlar təhlükəsinin artdığını bəyan edib

23 Apr 2026 23:24 5 baxış
IMG

Böyük Britaniyanın Baş naziri Kir Starmer xarici dövlətlərin ölkə ərazisində hücumlar təşkil etmək üçün vasitəçilərdən istifadə etməsindən getdikcə daha çox narahat olduğunu bəyan edib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, Britaniya hökumətinin başçısı bu bəyanatla Londonda ötən bazar günü hücuma məruz qalan "Kenton United Synagogue" sinaqoqunda yəhudi icmasının nümayəndələri ilə bugünkü görüşdən sonra çıxış edib.

Starmerin sözlərinə görə, Britaniya hakimiyyəti yalnız birbaşa təhdidlərə deyil, həm də rəsmi olaraq iştirakını gizlətməyə çalışaraq cinayətkar şəbəkələrdən və digər vasitəçilərdən istifadəyə getdikcə daha çox əl atdığı ehtimal olunan düşmən dövlətlərin hərəkətlərinə reaksiya vermək zərurəti ilə üzləşir.

"Məni bir sıra dövlətlərin Britaniyada hücumlar həyata keçirmək üçün proksi-strukturlardan istifadə etməsi getdikcə daha çox narahat edir", - Baş nazir vurğulayıb.

Starmer qeyd edib ki, bu cür təzahürlərlə mübarizə yalnız hüquq-mühafizə orqanları tərəfindən operativ tədbirlər deyil, həm də dövlət tərəfindən qanunvericilik səviyyəsində cavab tələb edir.

"Biz düşmən dövlət aktorlarına qarşı durmalıyıq", - o bildirib və əlavə edib ki, hökumət müvafiq qanunvericilik təşəbbüsləri hazırlayır.

Böyük Britaniyanın Baş naziri həmçinin dini icmaların təhlükəsizliyinin təmin edilməsinin ümummilli əhəmiyyət kəsb edən məsələ olduğunu vurğulayıb.

"Mən istəyirəm ki, Böyük Britaniya hər kəsin özünü təhlükəsiz hiss etdiyi bir ölkə olaraq qalsın. Bu, təkcə yəhudi icmasının mübarizəsi deyil - bu, bizim ümumi mübarizəmizdir. Mən insanların təhlükəsizlik və qorunma şəraitində öz dininə, inancına sərbəst şəkildə etiqad edə biləcəyi bir Britaniya görmək istəyirəm", - Starmer yekunlaşdırıb.

Xəbər lenti