IMG-LOGO

Brüssel zərurət yaranarsa, Ukraynaya kreditin həcmini artıra bilər

23 Apr 2026 21:33 5 baxış
IMG

Brüsseldə, Ukraynaya daha çox vəsait lazım olarsa, Avropa İttifaqıın (Aİ) 90 milyard avroluq kreditinin həcminə yenidən baxılmasını mümkün hesab edirlər.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, kreditin maliyyələşdirilməsində Çexiya, Macarıstan və Slovakiya istisna olmaqla, Aİ-nin 24 dövləti iştirak edir. Mənbə qeyd edib ki, Böyük Britaniyanın borcalma mexanizmində iştirakı hələlik müzakirə mövzusu olaraq qalır.

Onun sözlərinə görə, kredit üçün vəsaitlər Aİ büdcəsinin zəmanəti altında maliyyə bazarlarından cəlb ediləcək.

Daha əvvəl bildirilmişdi ki, kreditin ödənilməsi müharibə zamanı Ukraynaya dəymiş ziyana görə Rusiyadan alınacaq təzminatlar hesabına həyata keçiriləcək.

Rusiya ödənişlərdən imtina edəcəyi təqdirdə, öhdəliklər borcalmada iştirak edən ölkələrin üzərinə düşəcək. Belə olan halda Aİ Ukraynaya verilən kreditin ödənilməsi üçün blokun üzv dövlətlərində dondurulmuş Rusiya aktivlərindən istifadə məsələsinə qayıda bilər.

"Onların istifadəsi məsələsi heç vaxt gündəmdən çıxarılmayıb, lakin qərar əlavə müzakirələr və razılaşdırma tələb edəcək", - o deyib.

Qeyd olunub ki, maliyyələşdirmə strukturu büdcəyə dəstək üçün (Aİ alətləri vasitəsilə) 30 milyard avro makromaliyyə yardımını və Ukrayna, Aİ və tərəfdaş ölkələrdəki istehsalçılardan silah satınalmaları da daxil olmaqla, müdafiə sənayesinə investisiyalar üçün 60 milyard avronu nəzərdə tutur.

Vəsaitlər Ukraynanın ehtiyaclarına uyğun olaraq və Avropa Komissiyası tərəfindən təsdiqlənmiş maliyyə strategiyası əsasında mərhələlərlə ayrılacaq. 2026-cı il üçün 45 milyard avro nəzərdə tutulub, bunun da 28,3 milyard avrosu müdafiə sənayesinin inkişafına yönəldiləcək.

Xəbər lenti