IMG-LOGO

Aİ Kulevi limanının Rusiyaya qarşı 20-ci sanksiyalar paketindən istisna edildiyini təsdiqləyib

23 Apr 2026 19:15 43 baxış
IMG

Kulevi limanı Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 20-ci sanksiyalar paketinə daxil edilməyib - Brüssel Gürcüstanın və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR - limanın operatoru) Rusiya neftinə dair məhdudiyyətlərə riayət etmək öhdəliklərini qəbul edib.

"Report"un Avropa bürosu xəbər verir ki, bunu Brüsseldə Aİ-nin yüksək vəzifəli nümayəndəsi təsdiqləyib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti və SOCAR Aİ-ni əmin ediblər ki, sanksiyalar altında olan gəmilərə xidmət göstərməyəcək, həmçinin Rusiya neftindən istehsal olunan neft məhsullarının Aİ-yə tədarükünə qoyulan qadağaya riayət olunmasını təmin edəcəklər.

"Nail olmaq istədiyimiz hər şeyi öhdəliklər şəklində əldə etdik və fikrimizcə, bu, sanksiyalar siyahısına daxil edilməkdən daha səmərəli yanaşmadır", - Aİ nümayəndəsi bildirib.

O əlavə edib ki, Aİ bu zəmanətlərin yerinə yetirilməsini diqqətlə izləyəcək.

Brüsseldə qeyd ediblər ki, bu hal daha geniş tendensiyanı əks etdirir: üçüncü ölkələr və infrastruktur operatorları Aİ-nin sanksiya rejimini pozmamağa çalışır və əməkdaşlığa hazır olduqlarını nümayiş etdirirlər.

Daha əvvəl Kulevinin sanksiyalar paketinə daxil edilməsi imkanı müzakirə olunurdu, lakin diplomatik məsləhətləşmələrdən sonra bu addımdan imtina edilib.

Mənbə: report.az

Xəbər lenti