Gürcüstanın nəqliyyat-logistika inkişafı üçün əsas çağırış kimi dəmir yolu infrastrukturunun məhdud buraxılış qabiliyyəti və neft məhsulları üçün anbarların yetərsiz həcmi qalmaqdadır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi - "SOCAR Georgia Petroleum"un kommersiya departamentinin rəhbəri Mirzə Şavqulidze Bakıda keçirilən "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu"nda bildirib.
Onun sözlərinə görə, Gürcüstanın Xəzər və Qara dənizləri arasındakı strateji mövqeyi neft və neft məhsullarının tranziti üçün əhəmiyyətli imkanlar açır, lakin bu potensialın reallaşması birbaşa infrastruktur məhdudiyyətlərinin aradan qaldırılmasından asılıdır.
"Gürcüstan bir sıra logistik məsələləri, ilk növbədə dəmir yolu vaqonları ilə təminat məsələlərini həll etməlidir - bu gün bu, əsas problemdir. Yalnız bu məhdudiyyətlər aradan qaldırıldıqdan sonra daşıma həcmlərinin artırılması haqqında danışmaq olar", - M. Şavqulidze qeyd edib.
O vurğulayıb ki, hazırda Gürcüstan regional logistikada daha əhəmiyyətli rol oynamaq iqtidarında olan müasir və dinamik inkişaf edən bir bazardır.
"Perspektivdə əsas vəzifələr olaraq, ilk növbədə özəl biznesin hesabına anbar güclərinin artırılması, eləcə də yükdaşımaların yüksək sürətini və səmərəliliyini təmin etmək üçün vaqon parkının genişləndirilməsi qalmaqdadır", - o əlavə edib.