IMG-LOGO

"SOCAR Trading" yeni neft-kimya zavodları üçün əsas amilləri açıqlayıb

23 Apr 2026 16:39 8 baxış
IMG

Gələcəkdə xammalın çoxfunksionallığı və "yaşıl enerji"nin inteqrasiyası yeni neft-kimya zavodlarının texnoloji inkişafını müəyyən edən əsas amillər olacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi - "SOCAR Trading" şirkətinin məsləhətçisi Mevlüt Çetinkaya Bakıda keçirilən "II Xəzər və Mərkəzi Asiya Neft Ticarəti və Logistikası Forumu"nda bildirib.

Onun sözlərinə görə, birinci amil xammal bazasından istifadə imkanlarının genişləndirilməsi ilə bağlıdır.

"Bu gün bir konkret xammal növü deyil, geniş resurs spektrindən istifadəyə imkan verən texnologiyalar hazırlanır. Bu, istehsalı daha çevik və bazardakı dəyişikliklərə daha davamlı edir", - o qeyd edib.

Məsləhətçi bərpa olunan enerji mənbələrinin neft-kimya proseslərinə inteqrasiyasını ikinci əsas istiqamət adlandırıb.

"Söhbət "yaşıl enerji"nin istehsal zəncirlərində maksimum tətbiqindən gedir. Hazırda əsas texnoloji həllər məhz bu istiqamətdə cəmlənib, lakin onların tam kommersiyalaşdırılması üçün vaxt lazım olacaq", - M.Çetinkaya vurğulayıb.

O əlavə edib ki, xam neftin birbaşa kimyəvi məhsullara emalı (S2C) texnologiyalarına, eləcə də hidrogen energetikasının inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətlər neft emalı və neft-kimya sənayesinin inteqrasiyasının əsas elementləri kimi nəzərdən keçirilir.

"Hazırda araşdırmalar davam edir. İri beynəlxalq şirkətlər artıq bu cür həllərin 2030-cu ilə qədər kommersiyalaşdırılması üzərində işləyir", - məsləhətçi qeyd edib.

Xəbər lenti