Azərbaycan üçün qadın sahibkarlığının inkişafı iqtisadiyyatın dayanıqlılığı baxımından çox vacibdir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Bakıda keçirilən "Qadın iştirakçılarının təbliği" konfransında bildirib.
O qeyd edib ki, hazırda mikro və kiçik-orta sahibkarlıqda qadınların payı nisbətən çox olsa da, hazırda iri sahibkarlar arasında qadın sahibkarlar yoxdur: "Baxmayaraq ki, mikro sahibkarların 25 %-i qadın sahibkarlardır. Fərdi sahibkarlarda bu rəqəm 18 %, orta sahibkarlarda isə təxminən 7%-ə yaxındır. Amma böyük qadın sahibkarlar yoxdur. Hazırda mikro sahibkarlıqdan başlayaraq daha sonra biz təsnifatda pilləli şəkildə qadın sahibkarların sayının azalmasını müşahidə edirik".
Deputat bildirib ki, iqtisadiyyatın dayanıqlılığı həm də onun inklüzivliyindən asılıdır: "Azərbaycanda yaradılacaq dəyərdə qadın və uşaqların, xüsusən də qadınların payının artırılması və dəyərə çıxış imkanlarının inklüziv olaraq genişləndirilməsi çox vacibdir".