"Neftçi" AFFA İntizam Komitəsinin qərarlarından apellyasiya şikayəti verməyəcək.
Bunu "Report"a açıqlamasında paytaxt klubunun media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.
"Apellyasiya şikayəti nəzərdə tutulmayıb", - "Neftçi" rəsmisi bildirib.
Xatırladaq ki, Misli Premyer Liqasının XXVIII turunun "Zirə" ilə matçında beş oyunçusu sarı vərəqə aldığı üçün "Neftçi" 700 manat cərimələnib. Klub həmçinin görüşün 90+8-ci dəqiqəsində hakimin qərarına etiraz edən Yuri Vernidub və onun köməkçisi Dmitro Kara Mustafaya görə ümumilikdə 10 min manat cərimələnib. Hər iki məşqçi qırımızı vərəqə ilə meydandan qovulduğu üçün bir oyunluq cəzalanıb. Qarşılaşmanın 90+5-ci dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovulan futbolçu Breno Almeyda bir oyunluq diskvalifikasiya edilib, "ağ-qaralar" isə 3000 manat cərimələnib.
Azarkeşlərin davranışı da paytaxt klubuna maliyyə itkisi bahasına başa gəlib. "Neftçi" tərəfdarlarının hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi mövsüm ərzində yeddinci dəfə təkrarlandığı üçün klub 8000 manat cərimələnib. Həmçinin fanatların meydana kənar əşyalar atması mövsüm ərzində beşinci dəfə yaşandığına görə klub 4500 manat məbləğində cərimə edilib.