Çernobıl hadisəsindən sonra təxminən 2 mindən çox azərbaycanlı uşaq xəstəliklərlə dünyaya gəlib.
"Report" xəbər verir ki, bunu "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, faciənin yaratdığı təhlükənin qarşısının alınması üçün 8 min 500 nəfərdən çox azərbaycanlı cəlb edilib:
"Çernobıl faciəsi 20-ci əsrin ən böyük fəlakəti idi. Bu, yüzminlərlə insanı yüksək səviyyədə radiasiyaya məruz qoyan və təxminən 350 min nəfəri radioaktiv çirklənməyə məruz qalmış ərazilərdən evlərini tərk etməyə məcbur edən ən ciddi nüvə qəzalarından biri idi. Qəzanın ləğvində iştirak etmiş xeyli azərbaycanlının uşaqları ya xəstə doğuldu, ya da tələf oldu".
Xatırladaq ki, 1986-cı ildə Ukraynanın şimal hissəsindəki Pripyat yaxınlığında baş vermiş Çernobıl faciəsindən 40 il ötür.