Bu gün Xalq artisti Nəsibə Zeynalovanın doğum günüdür.
Lent.az “Bioqrafiya” rubrikasında mərhum sənətkar haqqında məlumat verir.
- Nəsibə Zeynalova nə vaxt və harada anadan olub?
Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. O, milli realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun ailəsinin yeganə övladı idi.
- Atasının Nəsibə Zeynalovanın gələcəyi ilə bağlı ən böyük arzusu nə idi?
Cahangir Zeynalov qızının adını hələ doğulmamışdan əvvəl seçmiş və onun gələcəkdə öz sənətini davam etdirməsini, maarifli bir qadın olmasını vəsiyyət etmişdi. Təəssüf ki, o, qızının uğurlarını görə bilmədi.
- Aktrisanın uşaqlıq illəri niyə faciəli keçib?
Nəsibə xanımın cəmi 2 yaşı olanda ailəsi erməni daşnaklarının Bakıdakı qırğınlarından qaçaraq İrana gedir. Qayıdarkən yolda atası yatalaq xəstəliyinə tutulur və Bakıya çatan kimi vəfat edir. Bundan sonra ailənin bütün mülki müsadirə olunur və onlar zirzəmidə yaşamağa məcbur olurlar.
- Nəsibə Zeynalovanın "köynəkdə doğulması" hekayəsi nədir?
Aktrisa 5,5 kq çəki ilə, döl qişası ("köynək") ilə birlikdə doğulub. Tibbi baxımdan çətin doğuş olduğu üçün həkimlər ana və uşaqdan birini seçməli olduqlarını desələr də, xoşbəxtlikdən hər ikisi sağ qalmışdı. Xalq inancına görə, "köynəkdə doğulanlar" şanslı və istedadlı olurlar.
- Onun sənətə gəlişi necə baş tutub?
Gənc yaşlarında zavodda fəhlə işləyən Nəsibə xanım zavodun özfəaliyyət dərnəyində çıxış edirdi. Rejissor Şəmsi Bədəlbəyli onun istedadını məhz orada kəşf edərək onu teatra dəvət edib.
- Nəsibə Zeynalovanın yaradıcılığındakı "Əfsanəvi üçlük" kimlərdən ibarət idi?
Azərbaycan teatr tarixində sarsılmaz bir bağ yaradan bu üçlük Lütfəli Abdullayev, Bəşir Səfəroğlu və Nəsibə Zeynalovadan ibarət idi. Onların səhnədəki tərəf-müqabilliyi teatrda qızıl dövr kimi yadda qalıb.
- Hansı rolları onun "vizit kartı" hesab olunur?
Səhnədə "Qayınana"da Cənnət xala, "Ulduz"da Züleyxa, "Hicran"da Qızbacı onun şah əsərləridir. Kinoda isə "Ögey ana"da Fatmanisə, "Bəyin oğurlanması"nda Nəsibə xala unudulmazdır.
- Aktrisanın ailə həyatı haqqında nə bilirik?
İlk həyat yoldaşını müharibədə itirən aktrisa, 38 yaşında özündən 11 yaş kiçik olan musiqiçi Mütəllim Novruzovla ailə qurub. Nəsibə xanım bütün həyatı boyu gördüyü ən böyük sevgini və xoş sözləri məhz ondan eşitdiyini deyirdi.
- "Qayınana" filmindəki məşhur bayatının tarixçəsi nədir?
Filmdə Cənnət xalanın mətbəxdə zümzümə etdiyi bayatını Nəsibə xanım anası Hüsniyyə xanımdan öyrənmişdi. Anası evdə kədərlənəndə həmişə o bayatını oxuyarmış.
- Aktrisa niyə nəvəsini sənədlə öz qızı kimi qeydiyyata aldırıb?
Nəsibə xanımın qızı olmadığı üçün nəvəsi Nəsibəni sənədlə öz övladı kimi götürmüşdü. Hətta nəvəsinin şəxsiyyət vəsiqəsində ata adı kimi aktrisanın həyat yoldaşının adı (Mütəllim qızı) qeyd olunmuşdu.
- Nəsibə Zeynalovanın heyvanlara olan marağı haqqında hansı maraqlı əhvalat var?
Nəsibə xanım pişikləri çox sevirdi. Bir dəfə öz pişiyi üçün qonşunun pişiyinə xonça ilə elçi getmiş, bütün adət-ənənələrə əməl edərək "həri" almışdı. Evində həmişə küçədən gətirdiyi pişikləri saxlayardı.
- Ömrünün son illərində teatrdan niyə incimişdi?
Teatrda baş verən bəzi intriqalar və ona uyğun olmayan rolların təklif edilməsi aktrisanı incitmişdi. O, ömrünün son illərində Musiqili Komediya Teatrından ayrılmışdı, lakin sənət üçün hər zaman darıxırdı.
- Nəsibə Zeynalovanın yaradıcılığı hansı dövlət mükafatları ilə qiymətləndirilib?
Nəsibə Zeynalova Azərbaycanın Xalq artisti, Dövlət Mükafatı laureatı idi. Həmçinin "Şöhrət", "Oktyabr İnqilabı", "Qırmızı Əmək Bayrağı" və digər yüksək ordenlərlə təltif edilmişdi.
- Nəsibə Zeynalova nə vaxt vəfat edib?
Nəsibə Zeynalova rəmzi bir gündə - 10 mart 2004-cü ildə, yəni Milli Teatr Günündə dünyasını dəyişib. Onun məzarı Fəxri Xiyabandadır.
Xalq artisti Nəsibə Zeynalova bioqrafiya Qayınana filmi Yuxu filmi Ulduz filmi


