IMG-LOGO

Ana Brnabiç: Serbiya Venesiya Komissiyasının məhkəmə-hüquq qanunlarına dəyişikliklər paketi barədə ilkin rəyini alıb

20 Apr 2026 14:47 4 baxış
IMG

Venesiya Komissiyasının Serbiyanın məhkəmə-hüquq qanunlarına dəyişikliklər paketi barədə ilkin rəyi alınıb, yekun rəy isə tezliklə açıqlanacaq.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Parlamentinin sədri Ana Brnabiç bildirib.

O qeyd edib ki, tövsiyələrə uyğun olaraq qanunların tətbiqinə və dəyişdirilməsinə dərhal başlanacaq.

Sədrin sözlərinə görə, sabaha qədər rəyə dair şərhlər təqdim ediləcək və yaxın günlərdə ekspert qrupunun yekun rəyi gözlənilir.

Brnabiç qeyd edib ki, parlament ekspert qrupunun yekun rəyini alan kimi qanunlara dəyişikliklər üzərində işləməyə başlayacaq ki, bu rəy tam şəkildə tətbiq olunsun.

Spiker onu da diqqətə çatdırıb ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ODIHR) seçki qanunlarına dair rəyindən sonra həftə sonuna qədər Serbiyanın bir neçə şəhərində ictimai müzakirələr keçiriləcək və bu qanunlar parlamentdə prioritet olacaq.

"Cümə günü günortadan sonra mən üç seçki qanununa – deputatların seçilməsi, yerli seçkilər və Konstitusiya Məhkəməsi haqqında qanuna dəyişikliklərə dair ODIHR-in ikinci rəyini aldım. Bu artıq ikinci rəy mərhələsidir və demək olar ki, tam razılıq əldə olunub".

Brnabiç əlavə edib ki, martın 13-də ODIHR-ə siyasi fəaliyyətlərin maliyyələşdirilməsi haqqında qanun layihəsi də göndərilib və bu sənəd üzrə də rəy gözlənilir:

"Bunlar Serbiya Respublikasının parlamentinin gələcək fəaliyyəti üçün mütləq prioritetlərdir".

Qeyd edək ki, bir müddət əvvəl Serbiyada məhkəmə-hüquq qanunlar paketi qəbul edilib və həmin qanunlar ixtisaslaşmış qurumlara müvəqqəti təyin olunmuş prokurorların öz əvvəlki vəzifələrinə qayıtmasını nəzərdə tutur.

Sözügedən qanunlar paketi Serbiyada etirazla qarşılanıb. Avropa Komissiyası Serbiya rəhbərliyinə sözügedən qanunlar paketinin icrasını dayandırmaqla bağlı çağırış edib.

Xəbər lenti