Çin ABŞ tərəfinin İran yük gəmisini "zorla ələ keçirməsindən" narahatlığını ifadə edib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə aprelin 20-si Çin Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Qo Tszyakun brifinqdə bildirib.
Tszyakunun sözlərinə görə, Çin müvafiq tərəfləri məsuliyyətlə hərəkət etməyə və atəşkəs razılaşmasına əməl etməyə çağırır.
"Hörmüz boğazında vəziyyət həssas və mürəkkəbdir", - XİN nümayəndəsi deyib.
Onun sözlərinə görə, tərəflər gələcək eskalasiyadan çəkinməlidirlər və boğaz vasitəsilə normal tranzitin bərpası üçün zəruri şərait yaratmalıdırlar.
Daha əvvəl ABŞ İran limanlarının blokadasını yarmağa çalışan İran yük gəmisinə atəş açdığını və onu ələ keçirdiyini bildirmişdi. İran hərbçiləri gəminin Çindən gəldiyini bildirib və "ABŞ hərbçiləri tərəfindən silahlı quldurluq" adlandırdıqları bu hərəkətə qarşı cavab tədbirləri görəcəklərini vəd ediblər.
Pekin həmçinin bütün tərəfləri atəşkəs və danışıqlar impulsunu qoruyub saxlamağa çağırıb.
"İndi sülh üçün pəncərə açıldığı bir vaxtda, müharibəyə ən qısa zamanda son qoymaq üçün əlverişli şərait yaratmaq lazımdır", - Tszyakun əlavə edib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.
ABŞ Prezidenti Donald Tramp aprelin 15-də İran limanlarının dəniz blokadasının saxlanılmasına baxmayaraq, Hörmüz boğazının gəmiçilik üçün açıldığını elan etdi. Bu addım Çinlə münasibətlərin qorunub saxlanılması üçün atılmışdı. Daha sonra, aprelin 18-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bunu atəşkəs razılaşmasının pozulması və İran limanlarının ABŞ hərbçiləri tərəfindən davam edən blokadası ilə əsaslandıraraq, Hörmüzün bağlandığını elan edib.