İran ABŞ və İsrailin təhdidi və atəşkəs rejiminin pozulması fonunda, hələ də müharibə vəziyyətindədir.
"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai mətbuat konfransında Hörmüz boğazı ətrafındakı vəziyyəti şərh edərkən bildirib.
Bəqai qeyd edib ki, Hörmüz boğazı ilə bağlı mövcud vəziyyətə qiymət verərkən onu yaradan səbəblər nəzərə alınmalıdır.
Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarına qədər Hörmüz boğazında heç bir problem mövcud olmayıb.
"Hazırkı vəziyyətin səbəbi ABŞ-nin hərəkətləridir. Biz hələ də müharibə vəziyyətindəyik. Formal olaraq atəşkəs elan edilsə də, təəssüf ki, bu, ABŞ tərəfindən dəfələrlə pozulub. İran limanları və gəmilərinin ABŞ tərəfindən hədəf alına biləcəyi barədə bəyanatlar da vəziyyəti daha da mürəkkəbləşdirib", - o bildirib.
Bəqai əlavə edib ki, hazırkı şəraitdə Hörmüz boğazında birtərəfli sərbəst gəmiçilikdən söhbət gedə bilməz; buna səbəb həm İranın sahilyanı dövlət kimi gördüyü tədbirlər, həm də gəmiçilik şirkətləri, yük sahibləri və sığorta qurumlarının risklər səbəbilə bu bölgədən keçməyə hazır olmamasıdır.
O, həmçinin qeyd edib ki, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün Hörmüz boğazından təhlükəsiz keçidi təmin edəcək aydın protokollar hazırlanmalıdır.