IMG-LOGO

İsmayıl Bəqai: ABŞ ilə yeni danışıqlar raundu planlaşdırılmır

20 Apr 2026 12:51 5 baxış
IMG

İran hakimiyyəti hələlik ABŞ ilə münaqişənin həlli üzrə yeni danışıqlar raundunda iştirak etməyi planlaşdırmır.

"Report" İran mediasına istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai bildirib.

"Yeni danışıqlar raundu ilə bağlı planımız yoxdur", - deyə o qeyd edib.

Bəqai Vaşinqtonun tətbiq etdiyi hərbi-dəniz blokadasını və Livanda atəşkəs rejiminin ehtimal edilən pozuntularını qeyd edərək nəzərə çatdırıb ki, ABŞ-nin addımları diplomatik prosesə qeyri-ciddi münasibətdən xəbər verir.

ABŞ nümayəndə heyətinin İranla danışıqlar raundunun keçirilə biləcəyi İslamabada yollanmaq qərarını şərh edən İran XİN nümayəndəsi qeyd edib ki, bu, onların şəxsi işidir.

O həmçinin bildirib ki, Tehran danışıqların heç bir raundunda - nə indiki, nə də keçmiş - zənginləşdirilmiş uranın ABŞ-yə və ya üçüncü ölkələrə çıxarılması ehtimalını Vaşinqtonla müzakirə etməyib.

Onun sözlərinə görə, İran hakimiyyəti prinsip etibarilə belə bir variantı nəzərdən keçirmir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Saatlarla davam edən müzakirələr razılaşma əldə edilmədən başa çatıb.

ABŞ Prezidenti Donald Tramp aprelin 15-də İran limanlarının dəniz blokadasının saxlanılmasına baxmayaraq, Hörmüz boğazının gəmiçilik üçün açıldığını elan etdi. Bu addım Çinlə münasibətlərin qorunub saxlanılması üçün atılmışdı. Daha sonra, aprelin 18-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bunu atəşkəs razılaşmasının pozulması və İran limanlarının ABŞ hərbçiləri tərəfindən davam edən blokadası ilə əsaslandıraraq, Hörmüzün bağlandığını elan edib.

Xəbər lenti