IMG-LOGO

Azərbaycanda uşaqların sosial şəbəkələrdə qorunması istiqamətində tədbirlər gücləndiriləcək

20 Apr 2026 11:54 14 baxış
IMG

Azərbaycanda uşaqların və yeniyetmələrin internetdə, xüsusilə sosial şəbəkələrdə təhlükəsizliyinin təmin edilməsi istiqamətində sistemli işlər gücləndiriləcək.

"Report" xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabarov Bakıda keçirilən "Kibertəhlükəsizlik üzrə silsilə təlimlər: Şərq Tərəfdaşlığı ölkələrində kiberdavamlılığın təkmilləşdirilməsi" adlı seminarın kuluarlarında jurnalistlərə bildirib.

O qeyd edib ki, sosial şəbəkələrin geniş yayılması uşaqların kibertəhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb.

İcraçı direktorun sözlərinə görə, bir çox sosial platformalarda yaş məhdudiyyəti (16-18 yaş) tətbiq olunur:

"Əslində bütün sosial şəbəkə sahibləri – "Meta", "TikTok" və digərləri müəyyən yaş senzi müəyyən edib. İstifadəçidən yetkinlik yaşına çatdığını təsdiq etməsi tələb olunur. Lakin əvvəllər bu qaydalara tam şəkildə riayət edilmirdi və uşaqlar çox daha asanlıqla qeydiyyatdan keçə bilirdilər. Bu gün platforma sahibləri bu tədbirlərin sərtləşdirilməsinin vacibliyini dərk edirlər".

R.Cabarov deyib ki, bu məsələ təkcə platforma sahiblərinin deyil, həm də dövlətlərin məsuliyyət zonasıdır, çünki əsas məqsəd vətəndaşların, xüsusən də uşaqların qorunmasıdır.

AKTA nümayəndəsinin sözlərinə görə, informasiya və kibertəhlükəsizlik strategiyasında uşaqların sosial şəbəkələrdə və internet mühitində qorunmasına dair xüsusi müddəalar nəzərdə tutulub: "Müvafiq qurumlar artıq bu istiqamətdə addımlar atır. Bu məsələ hər zaman diqqət mərkəzində olub, lakin indi daha sistemli yanaşma formalaşır".

İcraçı direktorunun fikrincə, AKTA bu sahədə birbaşa bütün uşaqlarla deyil, onların maarifləndirilməsi ilə məşğul olacaq əsas qruplar vasitəsilə işləməyi daha səmərəli hesab edir. Xüsusilə Elm və Təhsil Nazirliyi ilə birgə informatika müəllimlərinin kibertəhlükəsizlik sahəsində bilik səviyyəsinin artırılması üzrə layihə həyata keçirilir.

"İnformatika müəllimləri üçün xüsusi tədris materialları hazırlanır. Onların köməyi ilə müəllimlər uşaqlara internetdə təhlükəsiz davranış qaydalarını izah edə, hansı hərəkətlərin düzgün olduğunu, hansıların isə risk daşıdığını aydınlaşdıra biləcəklər. Bu yanaşmanı daha məntiqli və səmərəli hesab edirik", - o qeyd edib.

R.Cabarov valideyn nəzarətinin vacibliyini vurğulayaraq, bu gün uşaqların onlayn fəaliyyətinin monitorinqi üçün müxtəlif proqramların mövcud olduğunu bildirib: "Valideynlər bu məsələyə diqqət yetirməlidirlər. Lakin biz onları məcbur edə bilmərik. Əsas məqsəd uşağın özündə düzgün rəqəmsal davranış bacarıqlarının formalaşdırılmasıdır".

AKTA nümayəndəsi artıq gələn il layihələrin nəticələrinin daha çox nəzərə çarpacağına və uşaqların kibertəhlükəsizliyi sahəsində əhəmiyyətli irəliləyişin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti