ABŞ Prezidenti Donald Tramp İranla saziş əldə etmək üçün yaxşı şansın olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Nəşr bildirib ki, danışıqlar zamanı son anda razılaşma və ya heç olmasa atəşkəsin uzadılması əldə edilə bilər.
"Özümü yaxşı hiss edirəm. Razılaşma konsepsiyası hazırlanıb. Düşünürəm ki, onu tamamlamaq üçün çox yaxşı şansımız var", - Tramp "Axios"a qısa telefonla müsahibəsində bildirib.
Eyni zamanda, portal qeyd edib ki, Tehran İranın danışıqlarda iştirakını təkzib edir və Trampın əsl niyyətinin müharibəni yenidən başlamaq ola biləcəyini hesab edir.
Bazar günü İranın dövlət teleradio şirkəti (IRIB) planlaşdırılan danışıqlar barədə məlumatları təkzib edərək bildirib ki, Tramp administrasiyasının "əsassız və qeyri-real tələbləri, tez-tez mövqe dəyişikliyi, daimi ziddiyyətlər" və Hörmüz boğazında İran limanlarının davam edən blokadası "məhsuldar danışıqlar üçün heç bir aydın perspektiv qoymur".
Daha əvvəl ABŞ tərəfindən Amerika nümayəndə heyətinin Pakistan paytaxtına getməsi, o cümlədən ona kimin rəhbərlik edəcəyi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Əvvəlcə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi "ABC News"a bildirib ki, vitse-prezident Cey Di Vens danışıqlara qatılacaq və İslamabadda nümayəndə heyətinə rəhbərlik edəcək. Tramp sonra eyni media orqanının əməkdaşı ilə söhbətində açıqlamanı təkzib edərək, Vensin təhlükəsizlik səbəbləri ilə danışıqlarda iştirak etməyəcəyini vurğulayıb. Lakin qısa müddət sonra CNN Ağ Evin yüksək vəzifəli rəsmilərinə istinadən vitse-prezidentin Trampın açıqlamalarının əksinə olaraq Pakistandakı danışıqlarda Amerika nümayəndə heyətinə rəhbərlik edəcəyini bildirib.
Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir neçə şəhərə hava hücumları həyata keçiriblər. Elə həmin gün İranın Ali lideri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrailə raket zərbələri endirib və Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri 8 aprelə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
11-12 apreldə Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar aparılıb, lakin uğursuz olub.
15 apreldə ABŞ Prezidenti Donald Tramp İran limanlarının dəniz blokadasını davam etdirməsinə baxmayaraq, Hörmüz boğazının gəmiçilik üçün açıldığını elan edib. Bu addım Çinlə münasibətləri qorumaq üçün atılıb.
Daha sonra, 18 apreldə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri atəşkəs razılaşmasının pozulmasını və ABŞ Ordusu tərəfindən İran limanlarının davamlı blokadasını əsas gətirərək su yolunun bağlandığını elan edib.

