Hindistanın Çhattisqarh ştatındakı "Vedanta" elektrik stansiyasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Qeyd edək ki, partlayış aprelin 14-də Sinqhitaray kəndindəki "Vedanta Ltd." elektrik stansiyasında, buxarın qazandan turbinə yüksək təzyiq altında ötürüldüyü polad boruda baş verib. İlk gün 10 nəfər ölüb, onlarla insan ağır yanıq xəsarətləri və yaralar alaraq xəstəxanaya yerləşdirilib. Sonradan xəsarət alanlardan 14-ü xəstəxanalarda dünyasını dəyişib.
Rəsmi şəxslərin məlumatına görə, 10 nəfərədək insan müxtəlif xəstəxanalarda müalicə alır, onlardan üçünün vəziyyəti ağırdır.
Polis "Vedanta Group"un direktorlar şurasının sədri Anil Aqarval və zavodun direktoru Devendra Patel də daxil olmaqla, səkkiz-on nəfərə qarşı ehtiyatsızlıqdan adam öldürmə və səhlənkarlıqla bağlı maddələr üzrə cinayət işi açıb.
Ekspertizanın nəticələri göstərib ki, partlayış yanacağın həddindən artıq toplanması və ardınca təzyiqin yüksəlməsi səbəbindən baş verib.