IMG-LOGO

Antalya Diplomatiya Forumu Azərbaycanın sülh təcrübəsinin təqdimatında mühüm platformadır - RƏY

18 Apr 2026 13:16 4 baxış
IMG

Prezident İlham Əliyevin 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyəyə işgüzar səfəri iki dost, qardaş, müttəfiq ölkənin dünyaya nümunə olan münasibətlərinin növbəti təqdimatıdır.

Bu sözləri "Report"a Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyevin Forum çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini təsdiqlədi. Belə ki, Prezident səfər çərçivəsində bir sıra ölkələrin liderləri, o cümlədən türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə də görüşdü:

"Görüşlərdə ölkələrimiz arasında əlaqələrin inkişafında mövcud imkanlar geniş müzakirə edildi. Azərbaycan-Türkiyə münasibətlərinin keçdiyi yola işıq salan bu səfər özündə mühüm məqamları ehtiva edir. Azərbaycan-Türkiyə əlaqlərinin inkişafında iki ölkənin liderinin səmimi dostluq, qardaşlıq münasibətləri əhəmiyyətli rol oynayır. Reallıq budur ki, ortaq tarix, mədəniyyət, dil və dini dəyərlər əsasında formalaşmış Azərbaycan-Türkiyə münasibətləri tarixin bütün sınaqlarından uğurla çıxaraq dünyaya qardaşlıq nümunəsini təqdim edir".

V.Rəhimzadə vurğulayıb ki, bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə deyil, bütövlükdə Avrasiya üçün önəmli amilə çevrilib: "Dövlət başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlərin necə həll edilməsi Türkiyənin mövqeyindən asılıdır. Türkiyə regionda əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Qardaş ölkənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü türk dünyasına mənsub olan hər bir insanı sevindirir. Azərbaycan dost ölkənin nailiyyətlərinə öz uğurları kimi sevinir".

Deputat qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. "Dünya Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda bütün Türk dünyasının birliyinin, həmrəyliyinin şahidinə çevrildi. Türk dövlətlərini bir araya gətirən Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi əsas prioritetlər sırasındadır. Türk dünyasını böyük ailə kimi dəyərləndirən Prezident İlham Əliyev bu çağırışları edir ki, bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik", - o bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın sülh təcrübəsi sözügedən Forum çərçivəsində təşkil edilən panel iclaslarda da əsas diqqət göstərilən məsələlər sırasındadır: "Azərbaycan 30 illik işğal dövrünün dağıntılarını bu gün müasir şəhərsalma təcrübəsini nümayiş etdirməklə bərpa-quruculuq işləri ilə əvəzləyir. Son beş ildən artıq dövrün mühüm reallıqlarından biri təbii ki, dünyaya səs salan sülh razılaşması oldu. Azərbaycan və Ermənistan arasında əldə edilən bu razılaşma ötən ilin avqustunda ABŞ-da əldə edildi".

Onun sözlərinə görə, regionda dayanıqlı sülhün və təhlükəsizliyin əldə olunması yeni əməkdaşlıq formatlarının yaradılmasında, Azərbaycanın regionda və dünya siyasətində mövqeyinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq: "5-ci Antalya Diplomatiya Forumu bu kimi uğurlarımızın təqdimatında mühüm platformadır. Tədbir dialoqun təşviqi, etimadın yenidən bərpası və daha güclü əməkdaşlığın qurulmasını hədəfləyir".

Xəbər lenti