Son dövrlərdə sosial şəbəkələrdə “kortizol yüksəkdir”, “üzdə kortizol şişkinliyi var” kimi ifadələr daha çox yayılır.
Lent.az xəbər verir ki, “stress hormonu” kimi tanınan kortizol artıq təkcə tibbi termin deyil, gündəlik dildə də geniş istifadə olunur.
Mütəxəssislərə görə kortizol böyrəküstü vəzilər tərəfindən ifraz olunan və orqanizmin stressə cavabını tənzimləyən əsas hormonlardan biridir.
O, “döyüş və ya qaç” reaksiyasını aktivləşdirir, maddələr mübadiləsinə təsir edir, qanda şəkər səviyyəsini artırır, immun sistemini və iltihabi reaksiyaları tənzimləyir, həmçinin qan təzyiqinə təsir göstərir.
Kortizol səviyyəsi gün ərzində dəyişir: səhər ən yüksək, axşam isə ən aşağı olur. Buna görə analizlər adətən səhər saatlarında aparılır.
Həddindən artıq kortizol bəzi hallarda “Cushing” sindromuna (orqanizmdə kortizol hormonunun uzun müddət normadan artıq ifraz olunması nəticəsində yaranan hormonal xəstəlik) səbəb ola bilər. Bu vəziyyət əsasən böyrəküstü və ya hipofiz vəzilərinin həddindən artıq aktivliyi ilə bağlıdır.
Yüksək kortizolun əlamətləri arasında yorğunluq, halsızlıq, qarın və üzdə piy toplanması, dəri nazikləşməsi, göyərmələr, əzələ zəifliyi, yüksək təzyiq, depressiya, narahatlıq və aybaşı pozuntuları yer alır.
Mütəxəssislər bildirirlər ki, kortizol səviyyəsini nəzarətdə saxlamaq üçün stressin idarə olunması, düzgün nəfəs məşqləri, müntəzəm idman, sağlam qidalanma və kifayət qədər yuxu vacib rol oynayır.
kortizol