Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya ayda yeddi dəfə Ukraynaya kütləvi hücumlara hazırlaşır.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Antalya Diplomatiya Forumu çərçivəsində "ADF-Talks" müzakirəsi zamanı bəyan edib.
"Kəşfiyyatımızın məlumatlarına görə, onlar (Rusiya - red.) yaxın vaxtlarda kütləvi hücumlara hazırlaşır. Bizim reallığımızda kütləvi hücum ən azı 400 pilotsuz uçuş aparatı və ən azı 20 raket deməkdir. Kəşfiyyat məlumatlarına görə, onlar bizə ayda yeddi dəfə hücum etməyə hazırlaşırlar", – Sibiqa qeyd edib.
Eyni zamanda nazir deyib ki, bu gün Ukrayna hava hücumundan müdafiə sistemləri hücumlar zamanı hava hədəflərinin 90 %-ə qədərini məhv edir.