ABŞ-nin maliyyə naziri Skott Bessent G20 ölkələrindən olan həmkarlarına İrana qarşı sanksiya təzyiqi göstərmək üçün müraciət edib.
"Report" xəbər verir ki, bu barədə "Kyodo" agentliyinə Yaponiyanın maliyyə naziri Sazuki Katayama bildirib.
O, Vaşinqtonda keçirilən G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə iştirak edib.
Katayama dəqiqləşdirib ki, danışıq iştirakçıları Yaxın Şərqdəki vəziyyətin tezliklə sabitləşmə tələb etdiyi məsələsində də yekdil olduqlarını bildiriblər.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Livanın "Hizbullah" qruplaşması İsraili raketlər və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İran tərəfində müharibəyə daxil olduqdan sonra İsrail Müdafiə Qüvvələri (İMQ) qruplaşmanın infrastrukturunun yerləşdiyi Livanın cənubuna və Beyrutun cənub ətraflarına zərbələr endirib. İsrail həmçinin Livanın cənubunda yerüstü əməliyyatını genişləndirib.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb.