Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) növbəti yarışlarda qızıl medal qazanmağı hədəfləyir.
"Report"un Gürcüstana ezam olunan əməkdaşı xəbər verir ki, bunu idmançı özü jurnalistlərə açıqlamasında deyib.
O, Tibilisidə təşkil olunan Avropa çempionatında bürünc medala sahib çıxmasını şərh edib:
"Bürünc medal uğrunda görüş mən tərəfdən yaxşı keçdi. Yarışa da yaxşı hazırlaşmışdıq. Ardıcıl ikinci dəfə üçüncü yeri tuturam. Hədəfim bunu qızıl medal etməkdir. Bunun üçün çalışacağıq".
Ə.Yusifov səhvlərindən nəticə çıxaracağını bildirib:
"Səhvlərin üzərində işləyib daha güclü olmaq lazımdır. Finala qədər irəliləyəcəyimi düşünürdüm. İdmanda uduzmaq da var. Hədəfim qızıl mükafat əldə etmək idi. Üçüncü yer də pis nəticə deyil. Komanda yoldaşıma qalib gələrək üçüncü yeri tutdum. İkimizdən biri qələbə qazanmalı idi".
Qeyd edək ki, Əhməd Yusifov bürünc medal uğrunda qarşılaşmada Balabəy Ağayevi üstələyib.