Son illərdə Azərbaycanda modellik sahəsinə maraq nəzərəçarpacaq dərəcədə artıb. Sosial medianın, xüsusilə Instagram platformasının təsiri ilə gənclər arasında model olmaq istəyi daha geniş yayılıb. Lakin bu artım fonunda əsas sual yaranır: bu sahə sistemli şəkildə inkişaf edirmi, yoxsa fərdi təşəbbüslər üzərində qurulmuş bir mühit olaraq qalır?
Lent.az mövzu ilə bağlı araşdırmanı təqdim edir.
Modellik institutu: anlayış və yerli reallıq
Modellik institutu dedikdə təkcə agentliklər deyil, bütöv bir sistem nəzərdə tutulur - model seçimi və hazırlığı, moda sənayesi infrastrukturu, hüquqi çərçivə və beynəlxalq əlaqələr.
Azərbaycanda bu sistemin müəyyən elementləri mövcuddur. Bir sıra agentliklər model seçimi və ilkin inkişaf mərhələsində müəyyən rol oynayır. Bununla yanaşı, fotoqraflar, stilistlər və lokal moda tədbirləri də sahənin formalaşmasına təsir edir.
Amma ümumi mənzərə göstərir ki, modellik sahəsi institut kimi deyil, daha çox ayrı-ayrı elementlərin mövcud olduğu parçalı struktur kimi fəaliyyət göstərir.
Gənc modellər: potensial və peşəkarlıq
Fiziki göstəricilər, vizual uyğunluq və maraq bu sahəyə giriş üçün əsas üstünlüklər hesab olunur.
“BIG Model Agency”in rəhbəri, xoreoqraf və keçmiş model Natiq Əliyev Lent.az-a açıqlamasında əsas faktorun boy olduğunu bildirir:
“Boy xanımlar üçün 170, bəylər üçün isə 180 santimetrdən yüksək olmalıdır. Maksimum bədən ölçüsü “M” qəbul edilir, lakin “XS” və “S” ölçülərə daha çox üstünlük veririk”.
Bununla belə, peşəkarlıq səviyyəsi eyni dərəcədə stabil deyil. Model hazırlığı üzrə sistemli təlimlərin azlığı, runway (podyum) və posing (poz vermə) texnikalarının kifayət qədər öyrədilməməsi, həmçinin beynəlxalq təcrübənin məhdudluğu bu sahədə əsas boşluqlar kimi qalır.
Sahənin görünməyən tərəfi: seçim meyarları və qeyri-rəsmi faktorlar
Rəsmi olaraq model seçimi fiziki göstəricilər və potensiala əsaslansa da, sahə daxilində sosial media populyarlığı və şəxsi əlaqələrin də rol oynadığı ilə bağlı fikirlər səsləndirilir.
Bir çox hallarda Instagram üzərində formalaşan imic, modellərin seçimində təsirli olur.
Natiq Əliyev bununla bağlı bildirib ki, izləyici kütləsi olan modellərə daha çox reklam təklifi gəlir, çünki artıq tanınırlar:
“Bizim üçün modelin tanınıb-tanınmaması əsas deyil. Onsuz da agentlik onun satışını təşkil edir. Sadəcə tanınmış olduqda reklam təklifləri daha çox olur”.
Bununla yanaşı, bəzi iştirakçılar kastinq proseslərinin formal xarakter daşıdığını və seçimlərin əvvəlcədən müəyyənləşdirildiyini iddia edir. Bu yanaşmalar modellik sahəsində şəffaflıq məsələsini aktuallaşdırır.
Estetik meyarlar: Azərbaycanda və dünyada
Yerli modellik mühitində tez-tez estetik müdaxilələrin - dolğu, süni kiprik və ağır makiyajın geniş yayılması müşahidə olunur.
Bu barədə danışan agentlik rəhbəri bildirir:
“Belə modellərlə çox işləyə bilmirik, çünki onlara reklam təklifləri az gəlir. Təbii görünüşlü modellərə daha çox üstünlük veririk. Amma bu o demək deyil ki, onları ümumiyyətlə qəbul etmirik”.
Bu isə beynəlxalq moda sənayesində üstünlük verilən təbii və transformasiya oluna bilən görünüş anlayışı ilə ziddiyyət təşkil edir. Nəticədə modellər lokal bazarda uyğun görünsə də, qlobal standartlara cavab verməkdə çətinlik çəkir.
Mentalitet və sosial baryerlər
Azərbaycanda modellik sahəsində ciddi əngəllərdən biri də cəmiyyətin yanaşmasıdır. Xüsusilə qadın modellərə qarşı stereotiplər hələ də qalmaqdadır.
Natiq Əliyev bildirir ki, əvvəllər Azərbaycan mentalitetinə görə, bu sahəyə normal baxılmırdı:
“İndi şükür ki, o düşüncələr xeyli dəyişib”.
“Model olmaq uyğun peşə deyil” kimi fikirlər, ailə təzyiqi və sosial qınaq bir çox gəncin bu sahədə inkişafına mane olur.
Maddi tərəf və qeyri-sabit gəlir
Modellik Azərbaycanda əksər hallarda stabil gəlir mənbəyi hesab olunmur. Xüsusilə, karyeranın ilkin mərhələsində modellər ya aşağı ödənişlərlə razılaşmalı olur, ya da təcrübə adı ilə ödənişsiz layihələrdə iştirak edir.
Agentlik rəhbərinin sözlərinə görə, modellər üçün saatlıq ödəniş 70, 100, 150 manat arasında dəyişir:
“Bu, modeldən modelə fərqlənir. Hansı modelə daha çox təklif gəlirsə, onun qiyməti də yüksək olur”.
Beynəlxalq arenaya çıxış: imkanlar və məhdudiyyətlər
Qlobal moda sənayesində yer almaq üçün modellər adətən “Paris Fashion Week” kimi beynəlxalq platformalara çıxış əldə etməlidir.
Agentlik rəhbəri bildirir ki, Azərbaycan modelləri dünyanın bir çox moda tədbirlərinə çıxıb:
“Son illərdə biz modellərimizi “New York Fashion Week”ə, Dubay və Gürcüstan “Fashion Week”lərinə çıxarmışıq. Hazırda Milan üçün də hazırlıqlar gedir. Ən böyük fərq ödənişdədir. Azərbaycandakı səhnələrlə müqayisədə beynəlxalq səhnələr daha böyükdür. Orada həm peşəkarlıq, həm reklam imkanları, həm də qazanc səviyyəsi daha yüksəkdir”.
Niyə qlobal səhnədə deyilik?
Məsələ tək bir səbəblə izah olunmur. Bu, bir neçə faktorun birləşməsidir:
institutlaşmanın zəifliyi;
sosial stereotiplər;
qeyri-şəffaf seçim mexanizmləri;
beynəlxalq şəbəkələşmənin olmaması.
Sevda Rumi
model Azərbaycanda modellik Fashion Week estetik əməliyyatlar modellər nə qədər qazanır


