IMG-LOGO

Azərbaycanda 1779 hemofiliyalı xəstə dispanser qeydiyyatdadır

16 Apr 2026 14:03 6 baxış
IMG

Hal hazırda Azərbaycanda 1779 nəfər hemofiliyalı xəstə dispanser qeydiyyatdadır.

Bu barədə "Report"a açıqlamasında Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Hematologiya kafedrasının müdiri dosent Elmira Qədimova deyib.

Onun sözlərinə görə, qeydiyyatda olan şəxslərdən 1187 nəfəri hemofiliya A (81 qadın, 1106 kişi), 168-i hemofiliya B(12 qadın, 156 kişi), 245-i von Villebrand (120 qadın, 125 kişi) 179-u isə digər koaqulopatiyalardan (76 qadın , 103 kişi) əziyyət çəkənlərdir:

"2024- cü ildə 52 hemofiliyalı xəstə, 2025-ci ildə isə 47 hemofiliyalı xəstə dispanser qeydiyyata götürülüb. Bu xəstələrin sayının nisbi artması deməkdir. Xəstəliyin aşkar edilməsinin yaxşılaşması, diaqnostikanın təkmilləşməsi, müalicənin effektivliyi, maarifçiliyin geniş yayılması ilə izah oluna bilər".

Qeyd edək ki, hemofiliya nəsildən-nəsilə keçən irsi qan xəstəliyidir. Ümumdünya Hemofiliya Federasiyasının (World Federation of Hemophilia) məlumatına görə, 10,000 nəfərdən biri bu xəstəliklə doğulur. Xəstəlik cüzi travma nəticəsində həyati təhlükəli qansızma və qanaxmalarla təzahür edir.

Xatırladaq ki, aprelin 17-si Ümumdünya Hemofiliya Günüdür.

Xəbər lenti