Azərbaycanın logistik potensialı Avropa üçün böyük imkandır.
Bunu "Report"a açıqlamasında Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze bildirib.
O, Azərbaycanın aqrar məhsullarının, xüsusən də pomidorunun Latviya bazarına ixracı üçün böyük logistik potensialın olduğunu diqqətə çatdırıb: "Şuşada keçirilmiş Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclası əhəmiyyətli hadisə idi. Biz həm əməkdaşlıq üçün yeni istiqamətlər müəyyən etdik, həm də Azərbaycandakı ikitərəfli görüşlərimizdə konkret sahələrə toxunduq. Mən Azərbaycana dəfələrlə səfər etmişəm və sizin tərəvəzlərinizə heyranam. Hazırda Rusiya ilə bağlı müəyyən logistik çətinliklər olsa da, mən bu gözəl və dadlı tərəvəzlərin Latviyaya çatdırılması üçün böyük imkanlar görürəm. Madridlə Riqa arasındakı məsafə təxminən 3 900 km olduğu halda, Bakı ilə Riqa arasındakı məsafə 3 200 km-dir. Yəni, Azərbaycan heç də uzaq deyil".
Nazir əlavə edib ki, praktiki əməkdaşlıq çərçivəsində heyvandarlıq və meşəçiliyə xüsusi diqqət yetiriləcək: "Əsas diqqət mərkəzində kənd təsərrüfatı, heyvandarlıq və yerli fermerlər üçün damazlıq materialların tədarükü dayanır. Eyni zamanda meşəçilik sahəsində informasiya mübadiləsi və birgə müəssisələrin yaradılması ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məhv edilmiş meşələrin bərpasına kömək edə bilərik".
A. Krauze Latviyanın kənd təsərrüfatı sığortası sisteminin Azərbaycanda tətbiqi imkanlarından danışarkən, risklərin idarə edilməsinin vacibliyini qeyd edib: "Dövlət olaraq biz həm milli, həm də Avropa İttifaqının subsidiyaları hesabına sığorta xərclərinin bir hissəsini qarşılayırıq. Növbəti yeddi il üçün iqlim dəyişikliyinin mənfi təsirləri və böhran vəziyyətləri üçün xüsusi fondların yaradılması üzərində işləyirik. Bu sistem birbaşa bizim və ittifaqın subsidiya siyasəti ilə bağlıdır".
Nazir vurğulayıb ki, tərəflər arasında film istehsalı və kino sənayesi sahəsində təcrübə mübadiləsi aparılması da nəzərdə tutulur: "Bizim ölkənin paytaxtı Riqada hazırda bir çox filmlər çəkilir; biz bu təcrübəni Bakıda da tətbiq edə bilərik. Məşhur klassik 'Cırtdan' filmini hamımız xatırlayırıq - bu sahədə böyük potensial var və bu, əməkdaşlıq edə biləcəyimiz sahələrdən yalnız biridir".