2026-cı ilin sonunadək Avropa İttifaqı - Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının ikinci sammitinin keçirilməsi planlaşdırılır.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Aİ Şurasının sədri Antonio Koşta BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərə ikigünlük səfərinin yekunları üzrə Dohada keçirilən mətbuat konfransında bildirib.
Koşta qeyd edib ki, Hörmüz boğazı ətrafındakı vəziyyət dünya iqtisadiyyatı üçün təhlükə yaradır. Aİ gəmiçilik azadlığının bərpasını prioritet hesab edir və naviqasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün Fransa və Böyük Britaniyanın rəhbərliyi altında beynəlxalq koalisiya yaradılması səylərinə qoşulmaq niyyətindədir.
O, Qətərin regional münaqişələrdə vasitəçi rolunu vurğulayıb və onun ABŞ, İsrail və İran arasında atəşkəs rejiminin sabitləşdirilməsi və danışıqlar prosesinin inkişafı səylərinə dəstəyini ifadə edib.
Aİ Şurasının sədri təsdiq edib ki, Aİ gərginliyin azaldılması və diplomatik nizamlanmanın tərəfdarıdır, ABŞ və İran arasındakı danışıqları, eləcə də İsrail və Livanın təmaslarını dəstəkləyir. Onun sözlərinə görə, İranın nüvə və raket proqramları, həmçinin İranın dəstəklədiyi proksi qrupların fəaliyyəti əsas məsələlər olaraq qalır.