IMG-LOGO

Armands Krauzen: "Azərbaycan mallarının Avropa bazarına çıxışı üçün "qapı" rolunu oynamağa hazırıq"

15 Apr 2026 15:47 6 baxış
IMG

Latviya Azərbaycan mallarının inteqrasiya olunmuş e-ticarət həlləri və logistika mərkəzləri daxil olmaqla, Avropa bazarına çıxışı üçün "qapı" rolunu oynamağa hazırdır.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Latviyanın kənd təsərrüfatı naziri Armands Krauzen Azərbaycan-Latviya Hökumətlərarası Komissiyanın 9-cu iclasında bildirib.

O, ikitərəfli münasibətlərin strateji əhəmiyyətini və Şuşa görüşünün rəmzi mənasını xüsusi vurğulayıb: "Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən Şuşa şəhərində olmaq mənim üçün xoşdur. Biz 2017-ci ildə qurulmuş strateji tərəfdaşlığımıza əsaslanaraq, Azərbaycanla münasibətlərimizin möhkəmlənməsini və genişlənməsini yüksək qiymətləndiririk. Kənd təsərrüfatı sektoru və meşə təsərrüfatında gələcək əməkdaşlıq üçün güclü potensial görürəm. Latviyanın qida təhlükəsizliyinə nəzarət sisteminin Azərbaycan tərəfindən tanınması aqrar-qida sahəsində əməkdaşlığın gələcək inkişafı üçün etibarlı zəmin yaradır".

Nazir, həmçinin Latviyanın Azərbaycan üçün Avropaya açılan logistik mərkəz ola biləcəyini qeyd edib: "Nəqliyyat sahəsi iqtisadi əməkdaşlıqla konkret biznes fəaliyyəti arasında birləşdirici bənd rolunu oynayır".

A. Krauzen iş adamları arasında birbaşa əlaqələrin qurulması üçün yeni platformanın yaradılmasını təklif edib: "İşgüzar təmasların möhkəmləndirilməsi üçün effektiv platforma rolunu oynaya biləcək Latviya-Azərbaycan Biznes Əməkdaşlıq Şurasının yaradılmasının vacibliyini vurğulamaq istərdim. Proqnozlaşdırıla bilən, şəffaf və biznes üçün əlverişli mühit əsas prioritet olaraq qalır".

Xəbər lenti