IMG-LOGO

Məmməd Talıbov: "Latviya ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir"

15 Apr 2026 15:59 8 baxış
IMG

Azərbaycan və Latviya arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Məmməd Talıbov Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının 9-cu iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Latviya arasında münasibətlər qarşılıqlı etimad, anlaşma və hörmət prinsiplərinə əsaslanır və diplomatik əlaqələrin qurulmasından sonra siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq uğurla inkişaf edir: "2017-ci ildə imzalanmış Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə münasibətləri yeni mərhələyə yüksəldib və son dövrlərdə əlaqələr müsbət dinamika ilə inkişaf edir. 2023-cü ildə ölkə prezidentləri Dünya İqtisadi Forumu çərçivəsində görüş keçirib, bu ilin mart ayında isə telefon danışığı aparıblar. Xarici işlər nazirləri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirələr aparıb və il ərzində iki dəfə telefon əlaqəsi saxlayıblar. Bundan əlavə, ötən ilin sentyabrında Bakıda xarici işlər nazirləri arasında ilk strateji dialoq keçirilib, bu ilin fevralında isə Riqada ilk konsulluq məsləhətləşmələri baş tutub".

M. Talıbov əlavə edib ki, aprelin 22-23-də Latviya Prezidentinin Azərbaycana səfəri gözlənilir və bu səfərin ikitərəfli münasibətlərdə yeni mərhələ açacağına ümid edilir: "İyun ayında isə Riqada strateji dialoqun növbəti raundunun keçirilməsi planlaşdırılır".

Xəbər lenti