Bu il iyunun 17-20-də "Yerli şirkətlərin tanıtım sərgisi" keçiriləcək.
Bu barədə "Report"a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Məlumata əsasən, "Bakı Ekspo Mərkəzi"ndə keçiriləcək sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
Dörd gün davam edəcək sərgi çərçivəsində həmçinin, iştirakçılar üçün xüsusi ayrılmış "B2B zona"da iri şirkətlərin satınalma və təchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, sərgidə "B2G zona" da fəaliyyət göstərəcək. Bu zonada sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud dəstək mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.
Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir.