IMG-LOGO

Ramin Məmmədov: Dini sahədə boşluqlar radikal ideologiyaların yayılmasına münbit zəmin yaradır

15 Apr 2026 10:55 7 baxış
IMG

Dini sahədə yaranan boşluqlar bəzən dini dəyərləri təhrif edərək radikal ideologiyaların yayılmasına çalışan qüvvələr üçün münbit zəmin yarada bilər.

"Report"un Qarabağ bürosu xəbər verir ki, bunu Ağdamda təşkil olunan "Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər" mövzusunda regional konfransdakı çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

Onun sözlərinə görə, dini radikalizm bütün dinlərin təməlində dayanan sülh, mərhəmət, qarşılıqlı hörmət və humanizm prinsiplərinə zidd yanaşmaların nəticəsidir:

"Müasir dövrdə dövlət-din münasibətlərinin düzgün və balanslı şəkildə tənzimlənməsi cəmiyyətin sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə yaranan boşluqlar isə bəzən dini dəyərləri təhrif edərək radikal ideologiyaların yayılmasına çalışan qüvvələr üçün münbit zəmin yarada bilər. Bu təhdidləri neytrallaşdırmaq üçün ilk növbədə radikalizmin din pərdəsi altında gizlənən saxta mahiyyətini düzgün təhlil etməliyik. Çünki radikalizm heç bir halda dinin mahiyyətini əks etdirmir. Əksinə, o, bütün dinlərin təməlində dayanan sülh, mərhəmət, qarşılıqlı hörmət və humanizm prinsiplərinə zidd yanaşmaların nəticəsidir. Məhz buna görə də radikalizmə qarşı mübarizə yalnız təhlükəsizlik tədbirləri ilə məhdudlaşmamalı, ideoloji, maarifləndirici və sosial müstəvilərdə kompleks və sistemli yanaşmanı əhatə etməlidir. Cəmiyyətin düzgün məlumatlandırılması, sağlam dini düşüncənin təşviqi bu mübarizənin əsas sütunlarını təşkil edir".

Komitə sədri bildirib ki, Azərbaycan Konstitusiyasında təsbit olunmuş dünyəvilik prinsipi dövlətin dini sahədə neytrallığını təmin edir:

"Azərbaycanda dövlət-din münasibətləri möhkəm hüquqi baza və effektiv institusional mexanizmlər əsasında qurulub. Konstitusiyada təsbit olunmuş dünyəvilik prinsipi dövlətin dini sahədə neytrallığını təmin etməklə yanaşı, vətəndaşların vicdan və etiqad azadlığının etibarlı qorunmasına zəmanət verir. Bu çərçivədə dini icmaların fəaliyyəti qanunvericiliklə aydın şəkildə tənzimlənir, onların qeydiyyatı, dini maarifləndirmə və təhsil prosesi müvafiq dövlət institutları vasitəsilə ardıcıl və sistemli şəkildə həyata keçirilir. Bu mexanizmlər bir tərəfdən dini azadlıqların təmin olunmasına xidmət edirsə, digər tərəfdən radikal və zərərli ideoloji təsirlərin qarşısının alınmasında mühüm rol oynayır".

Xəbər lenti