Avropa İttifaqı (Aİ) enerji təhlükəsizliyi və əlaqələndirmə baxımından strateji əhəmiyyət kəsb edən prioritet enerji layihələrinin siyahısını yeniləyib, "Qara dəniz enerji kabeli" ("Black Sea Energy") layihəsi rəsmi olaraq qarşılıqlı maraq doğuran layihələr (PMI) siyahısına daxil edilib.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin Rəsmi Jurnalında bildirilib.
Müvafiq dəyişikliklər Avropa Komissiyasının 2022/869 (Aİ) reqlamenti çərçivəsində ümumi və qarşılıqlı maraq doğuran layihələrin siyahısını yeniləyən 2026/764 (Aİ) səlahiyyət verilmiş reqlamenti ilə edilib.
Layihə Gürcüstanın Anakliya limanını Rumıniyanın Konstantsa şəhəri ilə birləşdirəcək 1155 km uzunluğunda sualtı elektrik ötürücü xəttinin tikintisini nəzərdə tutur.
Reqlament aprelin 29-da, Aİ-nin Rəsmi Jurnalında dərc olunduqdan iyirmi gün sonra qüvvəyə minir.
Sənədə əsasən, PMI statusu layihəyə Aİ maliyyələşdirməsinə iddia etməyə və icazələrin alınması üzrə sürətləndirilmiş prosedurlardan yararlanmağa imkan verir.
Ümumilikdə Avropa Komissiyası 2025-ci il dekabrın 1-də 235 sərhədlərarası enerji layihəsinə ortaq maraq doğuran layihə (PCI) və qarşılıqlı maraq doğuran layihə (PMI) statusu verib. Seçilmiş PCI və PMI siyahısına elektrik enerjisi, dəniz qurğuları və ağıllı elektrik şəbəkələri sahəsində 113 layihə daxildir. Bunlar bərpa olunan enerji mənbələrinin artan payının inteqrasiyası üçün həlledici əhəmiyyət daşıyacaq.
2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında 1 195 km uzunluğunda "Black Sea Energy" sualtı elektrik kabelinin çəkilməsi üzrə strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Bolqarıstan 2023-cü ilin iyun ayında layihəyə qoşulmaq niyyətində olduğunu açıqlayıb.
2024-cü ilin mayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji operatorları "Black Sea Energy" layihəsinin həyata keçirilməsi çərçivəsində birgə müəssisənin yaradılması haqqında memorandum imzalayıb. Sentyabrda dörd ölkənin enerji operatorları - "AzərEnerji" ASC, "Transelectrica SA", "Gürcüstan Dövlət Elektrosistemi" və MVM arasında bu layihəni həyata keçirəcək "Green Energy Corridor" birgə müəssisəsinin təsis edilməsi haqqında səhmdar müqaviləsi imzalanıb.
Birgə müəssisənin təsisçi tərəfdaşları "Transelectrica (Rumıniya), "Georgian State Electrosystem" (Gürcüstan), "AzərEnerji" (Azərbaycan) və "MVM Energy" (Macarıstan) şirkətləridir.
İlkin mərhələdə kabel 4 QVt "yaşıl enerji"nin ixracı üçün nəzərdə tutulacaq.
"Qara dəniz enerji kabeli"nin tikintisi 3,5 milyard avro dəyərində qiymətləndirilir və 3-4 il çəkəcək. Avropa Komissiyası layihəyə 2,3 milyard avro ayırmağı planlaşdırır.