IMG-LOGO

Djedoviç-Xandanoviç: "Serbiya mayda Nişdə elektrik stansiyasının tikintisi şərtlərini təsdiqləyəcək"

14 Apr 2026 17:01 5 baxış
IMG

Serbiya yaxın bir ay ərzində Nişdə qaz elektrik stansiyasının inşasının əsas müddəalarının və kommersiya şərtlərinin, o cümlədən layihələndirmə və tikinti işlərinin müddətlərinin işlənib hazırlanmasını başa çatdırmaq və onları rəsmən təsdiqləmək niyyətindədir.

Bunu "Report"a eksklüziv müsahibəsində Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç bildirib.

"Layihənin ümumi investisiya dəyəri hələ ki qiymətləndirmə mərhələsindədir. Ətraflı məlumat hər iki tərəf (Serbiya və Azərbaycan - red.) yaxın vaxtlarda sazişin rəsmiləşdirilməsini rəsmən başa çatdırdıqdan sonra əlçatan olacaq", - Djedoviç-Xandanoviç qeyd edib.

Onun sözlərinə görə, Nişdəki qaz elektrik stansiyası baza generasiyasının yeni mənbəyinə çevrilmək və Serbiyanın enerji təhlükəsizliyi səviyyəsini artırmaq məqsədi daşıyır.

"Bu layihənin həyata keçirilməsi ölkənin elektrik enerjisi sisteminin əlavə sabitləşməsini təmin edəcək, enerji tədarükünün etibarlılığına müsbət təsir göstərəcək və bu gün Serbiyanın enerji sisteminin əsasını təşkil edən kömür elektrik stansiyaları ilə müqayisədə karbon qazı tullantılarının azaldılmasına kömək edəcək. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu layihədə sadəcə qaz tədarükçüsü rolunda deyil, həm də qaz elektrik stansiyasının tikintisi və inkişafı üzrə strateji tərəfdaş kimi çıxış etməsi xüsusi əhəmiyyət kəsb edir", - nazir əlavə edib.

Xatırladaq ki, Azərbaycan və Serbiya 2026-cı ilin fevralında Niş şəhəri yaxınlığında gücü 350 MVt elektrik və 150 MVt istilik enerjisi olan qaz elektrik stansiyasının tikintisinə dair saziş imzalayıb. Sənəd Prezident İlham Əliyevin Serbiyaya səfəri çərçivəsində imzalanıb. Stansiyanın 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılır.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq olar.

Xəbər lenti