IMG-LOGO

"Jordan Daily": Bakıdakı WUF13 qlobal şəhər siyasətində dönüş nöqtəsi olacaq

14 Apr 2026 15:41 3 baxış
IMG

Bakıda mayın 17–22-də keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) urbanizasiya məsələlərinin həllində siyasi iştirak sahəsində dönüş nöqtəsi olacaq.

"Report" xəbər verir ki, bu barədə "Jordan Daily"nin məqaləsində bildirilib.

Materialda qeyd olunub ki, 2026-cı ilin mayında Bakı WUF13-ə ev sahibliyi edərək mühüm qlobal rol oynayacaq. Tədbir siyasi dairələrin, ekspert icmasının nümayəndələrini, liderləri və novatorları bir araya gətirəcək, onlar urbanizasiyanın prioritet çağırışlarını müzakirə edəcək və müasir şəhərlərin üzləşdiyi ən ciddi problemlərin aradan qaldırılması yollarını işləyib hazırlayacaqlar.

Nəşrin məlumatına görə, forumun tematik özəyi kimi "Housing for All: Safe and Resilient Cities" ("Dünyanı məskunlaşdırmaq: təhlükəsiz və dayanıqlı şəhər və icmalar") konsepsiyası seçilib. Müzakirələrin mərkəzi istiqamətləri mənzil əlçatanlığının artırılması, şəhərlərin iqlimə davamlılığının gücləndirilməsi, maliyyə resurslarının cəlb edilməsi və müxtəlif regionların xüsusiyyətləri nəzərə alınmaqla şəhər planlaşdırmasının innovativ modellərinin yaradılması olacaq.

"WUF13 şəhərlərin dayanıqlı inkişafı üzrə BMT-nin ən böyük platforması kimi tanınır. Bu, sadəcə texniki konfrans deyil, müxtəlif səviyyələrdə fərqli iştirakçıları bir araya gətirən bir platformadır. Onun gücü iştirakçıların müxtəlifliyindədir - milli hökumətlərdən və şəhər administrasiyalarından tutmuş vətəndaş cəmiyyəti təşkilatlarına, gənclərə, investorlara və memarlara qədər - bu da mənzil tikintisi və şəhər idarəçiliyinin sosial ədalət, iqlim və iqtisadiyyatla bağlı qlobal problemlər olduğunun getdikcə daha çox dərk edildiyini əks etdirir. Gözlənilir ki, qarşıdan gələn 13-cü Ümumdünya Şəhərsalma Forumu siyasi fəallıqda dönüş nöqtəsi olacaq", - nəşrdə bildirilib.

Nəşr vurğulayıb ki, qarşıdan gələn forumun fərqləndirici xüsusiyyəti ilk dəfə olaraq dövlət və hökumət başçılarını bir araya gətirəcək Liderlər Sammitinin keçirilməsi olacaq. Bu, şəhər inkişafı məsələlərinin milli strategiyaların əsas komponenti və qlobal sabitliyin amili kimi daha geniş şəkildə qəbul olunduğunu göstərir.

Nəşrin müəllifləri qeyd edirlər ki, hazırda ən qabarıq urbanistik problemlər Afrika, Asiya, Latın Amerikası və Yaxın Şərq dövlətlərində qeydə alınır, burada şəhərlərin sürətlə genişlənməsi inkişaf etməmiş infrastruktur, resurs çatışmazlığı və iqlim risklərinə yüksək dərəcədə məruz qalma fonunda baş verir.

"Jordan Daily" vurğulayıb ki, inkişaf etməkdə olan dövlətlər üçün forum öz təcrübələrini təqdim etmək və şəhər siyasəti sahəsində beynəlxalq gündəliyin formalaşmasında iştirak etmək üçün müstəsna imkan yaradır. Qlobal Cənub şəhərlərinin iştirakı bu platformanın inklüziv dialoq və qarşılıqlı təcrübə mübadiləsi mexanizmi kimi əhəmiyyətini artırır.

Materialda həmçinin bildirilib ki, forumun Bakıda təşkili Azərbaycan üçün tarixi irsin qorunması ilə müasir urbanizasiya proseslərini ahəngdar şəkildə birləşdirən öz inkişaf modelini nümayiş etdirmək baxımından strateji bir şansdır. Buna İçərişəhər, Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi və Qobustan mədəni landşaftı misal ola bilər.

Nəşr bildirib ki, Azərbaycan qabaqcıl urbanistika konsepsiyalarının həyata keçirildiyi Qarabağ və Şərqi Zəngəzurda bərpa təşəbbüslərinə prioritet əhəmiyyət verir. Bunların arasında "Böyük Qayıdış" proqramına inteqrasiya edilmiş "ağıllı" yaşayış məntəqələri, rəqəmsal xidmətlər, bərpa olunan enerji mənbələri və karbon neytrallığı prinsipləri yer alır.

Məqalədə qeyd olunub ki, Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında birləşdirici halqa rolunu oynayaraq, xüsusən COP29-un keçirilməsi sayəsində beynəlxalq arenada öz mövqelərini daha da möhkəmləndirib.

Nəşrə əsasən, forumun proqramı yüksək səviyyəli dialoqları, texniki sessiyaları, sərgi ekspozisiyalarını və praktik həllərin nümayişini, eləcə də yeni tərəfdaşlıq təşəbbüslərinin başladılmasını və siyasi-analitik məruzələrin hazırlanmasını əhatə edir.

Sonda nəşr bildirir ki, WUF13-ün Bakıda keçirilməsi qlobal urbanistik proseslərin qarşılıqlı əlaqəsini və bəşəriyyətin gələcəyinin dayanıqlı, inklüziv və insan ehtiyaclarına yönəlməli olan şəhərlərin inkişafından ayrılmaz olduğu faktını vurğulayaraq dərin simvolik məna daşıyır.

Xəbər lenti