Serbiya hökuməti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri ilə danışıqlar çərçivəsində qaz tədarükünün illik həcminin 0,9 milyard kubmetrə qədər artırılması imkanını müzakirə edir.
Bunu "Report"a eksklüziv müsahibəsində Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç bildirib.
Onun sözlərinə görə, Azərbaycandan qaz tədarükü üç il əvvəl iki ölkə arasında tərəfdaşlığın başladığı vaxtdan bəri iki dəfə artaraq ötən il gündəlik təxminən 2 milyon kubmetr (pik göstərici - red.) təşkil edib.
"Nişdəki qaz elektrik stansiyasının 2030-cu ildə istismara verilməsindən sonra isə illik həcmin 1,4 milyard kubmetrə qədər artırılması müzakirə olunur", - nazir vurğulayıb.
D.Handanoviç qeyd edib ki, qiymətləndirmələrə görə, qaz elektrik stansiyasının fəaliyyəti üçün illik təxminən 600 milyon kubmetr qaz tələb olunacaq.
"Məhz buna görə də biz SOCAR-ı Serbiyanın enerji təhlükəsizliyinin təmin edilməsində uzunmüddətli tərəfdaş kimi nəzərdən keçiririk", - o əlavə edib.
Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış olmaq mümkündür.