Qətərin Baş naziri, xarici işlər naziri şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
"Report" Qətər Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatına istinadən xəbər verir ki, tərəflər regiondakı son hadisələri müzakirə ediblər.
Qeyd olunub ki, söhbət zamanı onlar regional sabitliyin möhkəmləndirilməsi məqsədilə İran və ABŞ arasında atəşkəs rejiminin qorunmasının vacibliyini vurğulayıblar.
Şeyx Məhəmməd böhranın səbəblərini kökündən aradan qaldırmaq və eskalasiyanın bərpasının qarşısını alan dayanıqlı razılaşma əldə etmək üçün dialoq və diplomatiyaya çağırıb.
"O, həmçinin dəniz marşrutlarının açıq saxlanılmasının və gəmiçilik azadlığının təmin edilməsinin vacibliyini vurğulayaraq, onlardan danışıqlarda rıçaq kimi istifadə edilməməsi barədə xəbərdarlıq edib", - məlumatda bildirilib.
Qətərin Baş naziri xəbərdarlıq edib ki, gəmiçilik yollarının hər hansı şəkildə pozulması region ölkələri, eləcə də qlobal enerji və ərzaq tədarükü üçün ciddi nəticələrə, beynəlxalq sülh və təhlükəsizlik üçün isə daha geniş fəsadlara səbəb ola bilər.