IMG-LOGO

İsrail ordusu ABŞ-nin Hörmüz planlarına görə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

13 Apr 2026 16:49 3 baxış
IMG

İsrail Müdafiə Qüvvələri (IDF) ABŞ-nin Hörmüz boğazının və İran limanlarının blokadası planları ilə əlaqədar hərbçiləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri IDF-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"ABŞ hərbçiləri iki saat sonra (Bakı vaxtı ilə saat 18:00-da - red.) İranın dəniz blokadasına başlamağa hazırlaşır. İsrail Müdafiə Qüvvələri istənilən dəyişikliyə hazır olmaq üçün yüksək döyüş hazırlığı vəziyyətində olduğunu bəyan edir", - məlumatda bildirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb.

Tramp dünən ABŞ hərbi qüvvələrinin aprelin 13-də Şərq vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 18:00-da) Hörmüz boğazının blokadasına başlamağı planlaşdırdığını bəyan edib.

Xəbər lenti