IMG-LOGO

"Lafarge" Suriyada terrorun maliyyələşdirilməsində təqsirli bilinib

13 Apr 2026 15:52 3 baxış
IMG

Fransanın "Lafarge" sement şirkəti vətəndaş müharibəsi zamanı Suriyada terror qruplaşmalarını maliyyələşdirməkdə təqsirli bilinib.

"Report" Fransa mediasına istinadən xəbər verir ki, Paris məhkəməsi müvafiq qərar çıxarıb.

Məhkəmə müəyyən etdi ki, sonradan İsveçrə şirkəti "Holcim" tərəfindən satın alınmış "Lafarge" 2013–2014-cü illərdə törəmə strukturu "Lafarge Cement Syria" vasitəsilə ümumilikdə 5,59 milyon avro (6,53 milyon dollar) "İslam Dövləti"nə və "Əl-Qaidə" ilə əlaqəli "Cəbhət ən-Nüsrə"yə ödəyib. Hər iki qruplaşma Avropa İttifaqı tərəfindən terror təşkilatları kimi tanınıb.

Sədrlik edən hakim İzabel Prevo-Depre qeyd edib ki, bu cür maliyyələşdirmə praktikası terror təşkilatlarının mövqelərinin möhkəmlənməsində mühüm rol oynayıb.

"Bu maliyyələşdirmə metodu, ilk növbədə İD-nin, Suriyanın təbii ehtiyatları üzərində nəzarətin əldə edilməsinə kömək etdi və həm regionda, həm də onun hüdudlarından kənarda, o cümlədən Avropada terror aktlarının maliyyələşdirilməsinə imkan yaratdı", - o vurğulayıb.

Bu, Fransada bir şirkətin terrorizmin maliyyələşdirilməsinə görə məhkum edildiyi ilk haldır.

"Lafarge" və "Holcim" şirkətləri hələlik hökmü şərh etməyiblər.

Lafarge Şalabiyədə dəyəri 680 milyon avro olan zavodun tikintisini 2010-cu ildə, növbəti ilin martında Suriyada vətəndaş müharibəsinin başlamasından qısa müddət əvvəl tamamlamışdı.

İD Suriya və qonşu İraqın geniş ərazilərini ələ keçirmişdi. Digər transmilli şirkətlər 2012-ci ildə Suriyanı tərk edərkən, "Lafarge" yalnız xarici əməkdaşlarını təxliyə etmiş, suriyalı heyəti 2014-cü ilin sentyabrınadək yerində saxlamışdı.

Xəbər lenti