IMG-LOGO

EMTA: I rübdə istehlakçı müraciətlərinin əksəriyyəti elektrik enerjisi təchizatı ilə bağlı olub

13 Apr 2026 12:51 2 baxış
IMG

Bu ilin I rübündə Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) edilən müraciətlərin 3 005-i (424-ü məlumat üçün olmaqla) elektrik enerjisi təchizatı ilə bağlı olub.

Bu barədə "Report"a Agentlikdən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı quruma bilavasitə və nazirlik xətti ilə ümumilikdə 3 549 müraciət daxil olub.

Bu müraciətlərdən 443-ü (30-u məlumat üçün olmaqla) təbii qaz təchizatı, 70-i (5-i məlumat üçün olmaqla) istilik təchizatı ilə bağlı olub. Digər məsələlərlə bağlı isə 31 (5-i məlumat üçün olmaqla) müraciət göndərilib.

Müraciətlərdən 2 378-i araşdırılıb və cavablandırılıb (42 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 7 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 700 müraciət hazırda baxılma prosesindədir, 464 məlumat xarakterli müraciətdən 238-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 46 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 94 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, "Azərenerji" ASC və "Azərişıq" ASC-nin nümayəndələrinin iştirakı ilə 18 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 79 inzibati xəta haqqında işə baxılıb, onlardan 77 iş üzrə inzibati tənbeh vermə haqqında qərar, 2 iş üzrə isə icraata xitam verilməsi barədə qərar qəbul olunub.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 250 nəzarət tədbiri keçirilib.

Qazdan səmərəli istifadənin, "Qazdan istifadə Qaydaları"nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 206 nəzarət tədbiri keçirilib.

Agentlik tərəfindən hesabat dövrü ərzində 94 müəssisədə 244 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

Xəbər lenti