Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) xarici işlər nazirləri ABŞ və İranı atəşkəsi davamlı sülhə çevirməyə çağırıblar.
"Report"un məlumatına görə, bu barədə "Al-Jazeera" telekanalı xəbər verir.
Birgə bəyanatda ASEAN-ın 10 üzv ölkəsinin xarici işlər nazirləri enerji axınlarının və ticarət marşrutlarının qlobal əhəmiyyətini vurğulayıblar.
"Biz Hörmüz boğazından dəniz və hava gəmilərinin təhlükəsiz, maneəsiz və fasiləsiz keçidinin bərpa edilməsinə, həmçinin bütün tərəflərin Dənizdə İnsan Həyatının Mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya (SOLAS) uyğun olaraq dənizçilərin və gəmilərin təhlükəsizliyini təmin etməsinə çağırırıq", - bəyanatda deyilir.
Nazirlər Vaşinqton və Tehranı "münaqişənin daimi dayandırılmasına gətirib çıxaracaq danışıqları davam etdirməyə" çağırıblar və vasitəçilik səylərinə görə Pakistana və "bütün iştirak edən tərəflərə" minnətdarlıqlarını bildirdilər (ABŞ və İran arasında danışıqlar aprelin 11-12-də İslamabadda keçirilib - red.).
"Biz regional sülhün, sabitliyin və firavanlığın qorunmasının, beynəlxalq hüquqa riayət edilməsinin və səmimi dialoq və diplomatiyanın irəliləməsinin vacibliyini vurğulayırıq", - onlar əlavə ediblər.
Telekanal qeyd edir ki, Cənub-Şərqi Asiya əhəmiyyətli qalıq yanacaq ehtiyatlarına malik olsa da, region hələ də neft və qaz idxalından güclü şəkildə asılıdır və bunun böyük hissəsi Hörmüz boğazından daşınır.