Azərbaycanda kibertəhdidlərlə mübarizə məqsədilə dövlət-özəl tərəfdaşlığı ("public–private partnership", PPP) gücləndirilir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) icraçı direktoru Rauf Cabbarov "Kiberinsidentlərə cavab - Binalyze Modern DFIR" mövzusunda seminarın kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.
"Kiberinsidentlər həm regional, həm də qlobal miqyasda müntəzəm baş verən hadisəyə çevrilir. Bir çox hücumları vaxtında dəf etmək məhz dövlət qurumları ilə özəl sektorun sıx əməkdaşlığı sayəsində mümkün olur", - R.Cabbarov vurğulayıb.
İcraçı direktor qeyd edib ki, bu gün ölkədə ixtisaslaşmış şirkətlərin əksəriyyəti AKTA çərçivəsində birləşib:
"Onlar dövlət orqanlarına birbaşa dəstək göstərirlər, çünki ayrıca bir qurumun daxili imkanları ilə bütün sistemlərin tam müdafiəsini təmin etmək praktiki olaraq mümkün deyil".
AKTA nümayəndəsinin sözlərinə görə, Təhlükəsizlik Monitorinqi Mərkəzlərinə (SOC) malik ixtisaslaşmış şirkətlər xüsusi rol oynayır: "Onlar təhlükələri erkən mərhələlərdə aşkar etməyə imkan verir. Belə mərkəzlərdə süni intellekt həllərinin istifadəsi boşluqların axtarışını avtomatlaşdırmağa və müvafiq qurumları operativ şəkildə məlumatlandırmağa kömək edir. Müasir şəraitdə bu cür dövlət-biznes tərəfdaşlığı həyati əhəmiyyət kəsb edir".