IMG-LOGO

Yevgeni Kukseviç: "Gürcüstan və Qazaxıstan güclü rəqiblərdir, bu oyunlar inkişafımız üçün vacibdir"

07 Apr 2026 10:45 3 baxış
IMG

Futzal üzrə Azərbaycan millisinin yoldaşlıq görüşü keçirəcəyi Gürcüstan və Qazaxıstan komandaları güclüdür.

"Report" xəbər verir ki, bunu yığmanın baş məşqçisi Yevgeni Kukseviç Futzal Federasiyasına açıqlamasında deyib.

O, yığmanın inkişaf prosesində olduğunu qabardıb:

"Bu cür toplanışları nə qədər çox keçirsək, futzalçılarımızın xeyrinə olacaq. Gələcək üçün addımlar atırıq. Hazırda komanda inkişaf prosesindədir. Çalışırıq ki, düşündüklərimizi, etmək istədiklərimizi məşq prosesində tətbiq edək. Üç gün ərzində 5 məşq planlaşdırılıb. Artıq 4 məşqimiz olub, bu gün Bakıda sonuncu hazırlığımızı keçəcəyik. Zaldakı məşqlərlə paralel nəzəri çalışmalarımız, videoanalizlərimiz də olur. Yəni toplanış zamanı vaxtdan maksimum yararlanıb, irəliyə doğru addım atmağa çalışırıq. Çünki görəcəyimiz işlər çoxdur".

Rusiyalı mütəxəssis rəqiblər haqda geniş danışmağa ehtiyac duymayıb:

"Həm Gürcüstan, həm də Qazaxıstan millisi günlü rəqiblərdir. Gürcülər 2 ay əvvəl Avropa çempionatının final mərhələsində iştirak ediblər. Bu komanda son illərdə ciddi inkişafdadır. Qazaxıstan yığması isə reytinq cədvəlinin ilk "4-lüy"ündə qərarlaşıb. Dəfələrlə həm Avropa, həm də dünya çempionatının final mərhələsində iştirak ediblər, eyni zamanda mükafatlar qazanıblar. Bu da rəqibimizin güclü olmasından xəbər verir. Oyunlarına baxmışıq, necə oynadıqlarını bilirik. Belə oyunlar təcrübə toplamağımız, payızda keçirəcəyimiz rəsmi görüşlərə daha yaxşı hazırlaşmağımız baxımından əhəmiyyətlidir".

Baş məşqçi bir həftə ərzində 4 oyun keçirməyin ağır olmasına rəğmən, faydalı olacağını qabardıb:

"FIFA-nın yoldaşlıq oyunları üçün nəzərdə tutduğu günlərdən maksimum istifadə etməyə çalışdıq. Oyunların ardıcıllığı bu cür alındı. Çətin də olsa, oynamamaqdansa, oynamaq yaxşıdır. Yenə deyirəm, komandanın inkişafı, verilən tapşırıqların nə dərəcədə mənimsənildiyini yoxlamaq üçün çətinliyə rəğmən mübarizə aparmalıyıq. Bu cür görüşlərdə nəticədən çox, meydanda görəcəyimiz işlər maraqlıdır. Oyunların çoxluğunu və ağırlığını nəzərə alaraq düşərgəyə 17 futzalçı dəvət etmişik".

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığması ilə qarşılaşacaq. Komanda sabah Bakı-Tbilisi reysi ilə Gürcüstana yola düşəcək.

Xəbər lenti