IMG-LOGO

ABŞ kəşfiyyatından İranla bağlı YENİ FAKTLAR: “Onları yeraltında da tapacağıq”

03 Apr 2026 20:15 3 baxış
IMG
1 0

ABŞ kəşfiyyatının son qiymətləndirmələrinə görə, son beş həftə ərzində ABŞ və İsrailin hərbi hədəflərə endirdiyi davamlı zərbələrə baxmayaraq, İranın raket buraxılış qurğularının təxminən yarısı hələ də sıradan çıxarılmayıb və ölkənin arsenalında minlərlə kamikadze tipli pilotsuz uçuş aparatı qalır.

Lent.az xəbər verir ki, bu barədə məlumatlı bir neçə mənbə CNN-ə bildirib.

Mənbələrdən biri qeyd edib: “Onlar hələ də bütün region üzrə ciddi dağıntılar törətmək potensialına malikdirlər.”

Qiymətləndirməyə görə, bu rəqəmlərə hazırda əlçatmaz vəziyyətdə olan, məsələn, zərbələr nəticəsində yeraltına basdırılmış, lakin tam məhv edilməmiş qurğular da daxil ola bilər. Kəşfiyyat məlumatlarına əsasən, İranın pilotsuz aparat imkanlarının təxminən 50 faizi – yəni minlərlə dron hələ də mövcuddur. Eyni zamanda, İranın sahil müdafiəsi üçün istifadə etdiyi qanadlı raketlərin böyük bir hissəsi də salamat qalıb. Bu da İranın Hörmüz boğazında gəmiçilik hərəkətini təhdid etmək imkanını qoruyub saxladığını göstərir.

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, indiyədək İran ərazisində 12,300-dən çox hədəf vurulub. Mənbələr bildirir ki, bu zərbələr İranın hərbi potensialını zəiflədib. Bununla yanaşı, İranın çox sayda raket ehtiyatı da hələ mövcuddur.

Pentaqon isə açıqlamalarında daha çox İranın hücumlarının sayının azalmasına diqqət çəkir. Müdafiə naziri Pit Hegseth bildirib ki, ABŞ qüvvələrinə qarşı ballistik raket hücumları və kamikadze dron hücumları münaqişənin əvvəlindən bəri 90 faiz azalıb.

Ağ evin mətbuat katibinin müavini Anna Kelli: “Fakt budur ki, İranın hücumları 90 faiz azalıb, donanması məhv edilib, istehsal obyektlərinin üçdə ikisi zədələnib və ya dağıdılıb, ABŞ və İsrail isə havada tam üstünlüyə malikdir.” Administrasiya rəsmisi əlavə edib ki, İranın ballistik raketləri sürətlə məhv edilir.

Pentaqonun sözçüsü Şon Parnell: “ABŞ ordusu İran rejiminə ağır zərbələr endirib və məqsədlərinə planlaşdırılandan daha tez çatır.”

Müdafiə naziri Heqset isə bildirib ki, İranın hərbi gücü azalmağa davam edir: “Onlar hələ də bəzi raketlər buraxacaqlar, amma biz onları məhv edəcəyik. Son 24 saat ərzində ən az hücum qeydə alınıb. Onlar yeraltına çəkilə bilər, amma biz onları tapacağıq.”

 

İran ABŞ İsrail raketlər dronlar kəşfiyyat Pentaqon Donald Tramp Hörmüz boğazı hərbi əməliyyatlar Yaxın Şərq geopolitika

Xəbər lenti