Apple şirkəti yay fəslinin ilk ayında iOS 18 əməliyyat sistemini təqdim edəcək.
Lent.az Xarici KİV-ə istinadən xəbər verir ki, indi isə insayderlər sözügedən iOS versiyasında hansı yeniliklərin olacaqlarından xəbər veriblər. Əsas yeniliklər arasında daha da təkmilləşdirilmiş Siri səsli köməkçisi, foto və mətnlərlə çalışma funksiyaları olacaq. Məlumata əsasən iOS 18-in süni zəka funksiyaları iPhone 16 smartfon seriyası tərkibində təqdim ediləcək Apple A18 prosessoruna hədəflənəcək. Belə ki, sözügedən prosessor yeni nəsil neyron çipini əldə edəcək. Bu səbəbdən də süni zəka funksiyaları bütün iPhone modellərində istifadəyə verilməyəcək.
Yenilənmiş Siri səsli köməkçisi isə öz bulud arxitekturası səbəbilə böyük ehtimalla bir çox iPhone modelində istifadəyə veriləcək. Bəzi məlumatlara əsasən Apple şirkəti özünün Apple GPT adlı böyük dil modelini hazırlayır və yenilənmiş Siri də məhz bu böyük dil modeli əsasında çalışacaq. İnsayderlərin sözlərinə əsasən iOS 18 tərkibində istifadəçi suallarına cavabların verilməsi, smartfon daxilində media kontentlərin tərtibatı, fotoların emalı, fotolar üzrə süni zəka axtarış sistemi, mətn formatında təsvirlər əsasında GIF-lərin tərtibatı və s. kimi süni zəka funksiyaları istifadəyə veriləcək.