PSJ klubunun Liqa 1-də "Lans"la keçirəcəyi oyun təxirə salınıb.
"Report" xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqası məlumat yayıb.
Qurum Paris təmsilçisinin İngiltərənin "Liverpul" kollektivinə qarşı UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununa (14 aprel) yaxşı hazırlaşması üçün bu addımı atıb.
Daha əvvəl aprelin 11-ə planlaşdırılan "Lans" - PSJ qarşılaşması mayın 13-də baş tutacaq.
Xatırladaq ki, Liqa 1-də PSJ 60 xalla liderdir. Rəqibindən bir xal az toplayan "Lans" ikinci pillədə qərarlaşıb.