IMG-LOGO

İran Hörmüz boğazından keçmək istəyən gəmilərdən pul alır

25 Mar 2026 19:15 3 baxış
IMG
0 0

İran rejimi Hörmüz boğazından təhlükəsiz keçid üçün bəzi gəmilərdən ödəniş alır.

Lent.az xəbər verir ki, bu barədə martın 24-də “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, İran tərəfi bir reys üçün 2 milyon dollara qədər ödəniş tələb edir. Beləliklə, strateji əhəmiyyətə malik bu dəniz yolundan keçid üçün faktiki olaraq qeyri-rəsmi tranzit rüsumu formalaşır.

Nəşrin yazdığına görə, bəzi gəmilər ödəniş edib. Lakin mexanizm, o cümlədən istifadə olunan valyuta əvvəlcə aydın olmayıb və dənizçilərin sözlərinə görə, bu hal hələlik sistemli xarakter daşımır. Agentliyin mənbələrinin bildirdiyinə görə, bu ödənişlər açıq şəkildə elan olunmadan həyata keçirilib.

“Şəffaflığın olmaması və növbəti hədəfin kim olacağı ilə bağlı qeyri-müəyyənlik bu dəniz dəhlizində gərginliyi daha da artırır”, – materialda qeyd olunur.

“Bloomberg” yazır ki, ABŞ-ın İrana qarşı müharibəsi başlayandan bəri Hörmüz boğazından çox az sayda gəmi keçib və onların əksəriyyəti İran rejimi ilə əlaqəli olub. Digər azsaylı gəmilərin isə ehtimal ki, İran sahillərinə yaxın alternativ marşrutları seçdiyi bildirilir.

Mənbələrdən biri qeyd edib ki, hazırda ödənişlər ayrı-ayrı gəmilərdən fərdi qaydada alınsa da, İran hakimiyyəti bu cür rüsumların “müharibədən sonrakı daha geniş razılaşma” çərçivəsində rəsmi şəkildə tətbiqini artıq müzakirə edir. Eyni zamanda agentliyin digər həmsöhbətləri vurğulayır ki, hətta qeyri-rəsmi ödənişlər belə Fars körfəzi ölkələrinin ərəb şirkətləri üçün qəbuledilməzdir. Çünki bu, təhlükəli presedent yaradır, suverenlik məsələlərini şübhə altına alır və əsas dəniz marşrutunun enerji ixracına təzyiq vasitəsi kimi istifadə olunması riskini artırır.

“Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri öz neftlərini dünya bazarlarına çatdırmaq üçün bu marşrutdan asılıdırlar. Lakin hazırda onlar nefti müştərilərinə çatdırmaq üçün Hörmüz boğazını yan keçən alternativ boru kəmərlərinə üstünlük verirlər”, — deyə Bloomberg yekunlaşdırıb.

İsrail-İran müharibəsi ABŞ-İran müharibəsi Hörmüz boğazı

Xəbər lenti